Prezident qəbullar keçirib

   Prezident qəbullar keçirib
  02 İyun 2025    Oxunub:2508
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
Söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulandı.

“Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edildi, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirildi.

Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verildi. Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirildi.

Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulandı. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunuldu.

Vurğulandı ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir. Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırdı.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini dedi. O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlətimizin başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

AzVision.az



Teqlər:



Xəbər lenti