Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir
Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir.
Fuad Ələsgərov qeyd edib ki, ölkəmizdə bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir:"Bu tədbirlərin bir nümunəsi kimi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman göstərilə bilər. Həmin Fərmanın icrası nəticəsində məhkəmə sistemində rəqəmsallaşmanın sürətləndirilməsi, hakimlərin seçimi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə fəaliyyətinin digər istiqamətləri üzrə əhəmiyyətli müsbət nəticələr əldə edilib.
Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Bu proses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki, bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq. Azərbaycan Respublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır. İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyində qabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq", - deyə Fuad Ələsgərov vurğulayıb.
Teqlər: Hüquq







Vaxtında, Aydın, Lazımlı!


