Elçin Əmirbəyov həmçinin İrlandiyanın aparıcı beyin mərkəzi biri olan Beynəlxalq və Avropa Məsələləri İnstitutunun direktoru Aleks Uayt və institutun tədqiqatçıları ilə görüşərək fikir mübadiləsi aparıb.
Danışıqlar zamanı Azərbaycan və İrlandiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət, “yaşıl” enerji, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları, habelə parlamentlərarası münasibətlərin genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Qeyd olunan sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Görüşlərdə həmçinin Azərbaycan ilə Aİ arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb.
Gələn ilin ikinci yarısında Avropa İttifaqının sədrliyini həyata keçirəcək İrlandiyanın rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini vurğulayıblar.

Elçin Əmirbəyov görüşlər zamanı qarşı tərəfə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, davamlı və dönməz sülhə nail olunması üçün əsas çağırışlar və şərtlər, eləcə də Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə ətraflı məlumat təqdim etmiş, tərəf müqabilləri ilə bu mövzuda ətraflı fikir mübadiləsi aparıb. İrlandiya rəsmiləri Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini və sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini qeyd ediblər.

Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və minalarla çirkləndirilmiş ərazilərin yaratdığı təhlükələr barədə də qarşı tərəfi məlumatlandırıb, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim edib.

Əmirbəyov səfər çərçivəsində həmçinin İrlandiyanın media nümayəndələrinə müsahibə verib.







Vaxtında, Aydın, Lazımlı!


