Hörmüzü “Orta Dəhliz” əvəzləyəcək I Türkiyəli nazir planları açıqlayıb

      Hörmüzü “Orta Dəhliz” əvəzləyəcək I    Türkiyəli nazir planları açıqlayıb
  23 İyun 2025    Oxunub:1698
Türkiyə Fars körfəzi ölkələrindən neft və qazın ixracında əsas nəqliyyat rolunu oynayan Hörmüz boğazının bağlanması nəticəsində yarana biləcək riskləri minimuma endirmək üçün ‘İnkişaf Yolu’ və ‘Orta Dəhliz’ layihələri üzərində işini fəal şəkildə gücləndirib.
AzVision.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

“Bu gün İsrailin İrana hücumu nəticəsində Hörmüz boğazının bağlanmasından danışılır. Bu baş verərsə, Fav limanı funksiyasını itirəcək. O zaman biz “Orta Dəhlizi” və dəniz yollarını möhkəm saxlamalıyıq. Hazırda fəal şəkildə “Orta Dəhliz” və “İnkişaf Yolu” dəhlizində lazımi işləri görürük”, - deyə o bildirib.

Onun sözlərinə görə, “Orta Dəhliz” və “İnkişaf Yolu” layihələri Türkiyənin geostrateji əhəmiyyətini gücləndirir:

“Bu gün Süveyş kanalından keçən yük təqribən 35 günə, Ümid burnunu dolansa 45 günə təyinat yerinə çatır. “İnkişaf Yolu”u tamamlananda bu səyahət 25 günə, “Orta Dəhliz”dən səmərəli istifadə etsək, müddət 18 günə enəcək. Gələcəkdə bunu 13 günə salmağı planlaşdırırıq. Söhbət Xəzərdən keçən, Gürcüstan limanlarından Qara dənizə çata bilən, ölkəmizdən isə dəmir yolu ilə fasiləsiz Avropaya gedə bilən xəttdən gedir. Təbii ki, Rusiyanın müharibə şəraitində olmasına baxmayaraq, Şimal dəhlizindən hələ də səmərəli istifadə olunur. Biz Xəzər dənizindən keçən “Orta Dəhlizi” daha da gücləndirməyə çalışırıq”.

Nazir əlavə edib ki, “Orta Dəhlizi”in Türkiyə ərazisindən keçən hissəsinin (təxminən 2262 kilometr) tamamalanması 50 milyard dollara başa gələcək:

“Onun istehsala təsirinin 114 milyard dollar olacağını və ildə təxminən 144 min insana iş imkanı təmin edəcəyini proqnozlaşdırırıq. Gələcəkdə Çin ilə Avropa arasında dəmir yolu daşımalarının ən azı 30 faizinin dəmir yolu ilə aparılacağını nəzərə alsaq layihənin əhəmiyyəti danılmazdır”.

Abdulkadir Uraloğlu əlavə edib ki, “Orta Dəhliz” və “İnkişaf Yolu” layihələrinin şaxələndirilməsi vacibdir:

“Biz yeganə NATO ölkəsiyik ki, 21 ölkədən keçib Avropaya çatan dəmir yolu xətti mövcuddur. Biz “Orta Dəhliz” və “İnkişaf Yolu” layihələrini şaxələndirməliyik. Bu gün Hörmüz boğazı bağlanıbsa, bizim quru və dəniz yollarımız olmalıdır. Ona görə də biz hər iki layihə üçün nə lazımdırsa, onu edirik. “İnkişaf Yolu” dəhlizinin 2100 kilometri bizdən keçir. Biz buraya təxminən 24 milyard dollar sərmayə qoymuş olacağıq”.

Qeyd edək ki, “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Xəzər dənizindən keçməklə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirir. 2024-cü ildə Çindən “Orta Dəhliz”lə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Dəhliz   Türkiyə  



Xəbər lenti