Elçin Əmirbəyov Yunanıstana işgüzar səfər edib
Elçin Əmirbəyov BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illərdə qeyri-daimi üzvü və Avropa İttifaqının fəal üzvü kimi Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, son dövrlərdə iki ölkə arasında yenidən canlanan və konstruktiv şəraitdə həyata keçirilən siyasi dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Bu xüsusda, ticarət dövriyyəsinin artırılması və yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə və turizm kimi sahələrdə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xalq diplomatiyası çərçivəsində əlaqələrin genişləndirilməsi istiqamətində parlamentlərarası təmasların mühüm əhəmiyyət kəsb etdiyi və bu məsələ üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı niyyət ifadə olunub.
Azərbaycan-Aİ münasibətlərində 2025-ci ilin əvvəlindən təkan götürən müsbət dinamikanın davam etdirilməsinə qitənin aparıcı təsisatının fəal iştirakçısı kimi Yunanıstanın müsbət töhfə verəcəyinə inam qeyd olunub. Bu xüsusda, Elçin Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daşıdığı strateji rolu və nəqliyyat bağlantıları və xüsusi olaraq, Orta Dəhliz vasitəsilə Asiya-Avropa ticarət dəhlizində açar və əlaqələndirici funksiyasını diqqətə çatdırıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın və ölkələr arasında əlaqələrdə son zamanlar müşahidə olunan müsbət meyillərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda, Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, etibarlı, davamlı və dönməz sülhün əldə olunması istiqamətində hələ də öz həllini gözləyən mövcud maneələr, o cümlədən rəsmi Bakının Ermənistandan və beynəlxalq ictimaiyyətdən gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yolverilməz olduğunu qeyd edən E.Əmirbəyov, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməli və keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk Qrupu və digər aidiyyəti qurumların ləğv edilməli olduğunu bildirib. Əlavə olaraq, rəsmi Afinanın ölkəmizin sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə edilib.
Qarşı tərəf Ermənistanla Azərbaycan arasında ötən mart ayında sülh müqaviləsinin mətninin razılaşdırılması, eləcə də şərti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində əldə olunan irəliləyişləri alqışladıqlarını bəyan edib, iki ölkə arasında davamlı sülhün tezliklə əldə edilməsinin tərəfdarı olduğunu qeyd edib.
Səfər zamanı E.Əmirbəyov, həmçinin, yunan tərəfin diqqətini Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal siyasətinə, ələlxüsus Azərbaycan mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına çəkib. Görüşlərdə Ermənistan tərəfindən ərazilərimizin kütləvi və nizamsız şəkildə minalarla çirkləndirilməsi problemini vurğulayan dövlət rəsmisi, mina qurbanları, eləcə də ölkəmizdə aparılan minatəmizləmə fəaliyyətləri barədə təfərrüatlı məlumat verib, bu sahəyə dair nəşrləri yunan tərəfinə təqdim edib.
Yuxarıda qeyd olunan görüşlərdən savayı, Prezidentin nümayəndəsi səfər çərçivəsində nüfuzlu yerli media orqanlarına da müsahibələr vermişdir.
AzVision.az
Teqlər: ElçinƏmirbəyov Yunanısta səfər







Vaxtında, Aydın, Lazımlı!


