Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının I Sammiti keçirilir

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının I Sammiti keçirilir
  12 İyul 2025    Oxunub:1352
İyulun 12-də Şahdağ Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə İttifaqın I sammiti öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində İttifaqın sədri Rüstəm Nəcəfov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov və Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə çıxış ediblər.

Açılışdan sonra sammit panel müzakirələrlə davam edib. Birinci panel sessiya türk dövlətlərinin dağ kurortlarında infrastrukturun inkişafı, innovativ yanaşmalar və əməkdaşlıq imkanlarına həsr olunub. Sessiyada Azərbaycanın Şahdağ, Qazaxıstanın Şimbulak, Türkiyənin Uludağ və Özbəkistanın Amirsoy kurortlarının rəhbərləri çıxış ediblər.

İkinci paneldə dağ kurortlarında mövsümlük amilinin aradan qaldırılması və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Üçüncü panel sessiya qış idman növlərinin təşviqi və gələcək perspektivlərə həsr olunub. Sonuncu – dördüncü sessiyada isə turizm sahəsində təhsil, kadr hazırlığı və məşğulluq məsələləri diqqət mərkəzində olub.

Tədbirin sonunda iştirakçılara İttifaqa üzvlük sertifikatları təqdim olunub, həmçinin Türkdilli Dövlətlərin Xizəkçi Jurnalistlər Klubunun yaradılmasına dair memorandum imzalanıb.

Sammitin ikinci günü – 13 iyulda Şahdağda Qaçış Festivalı (Running Fest) keçiriləcək. Tədbirdə Türkdilli ölkələr və bir sıra Avropa dövlətlərindən gəlmiş 600-ə yaxın həvəskar atlet üç məsafədə – “Şahdağ Trail” (54 km), “Laza Trail” (27 km) və “Zindanmuruq Trail” (9 km) üzrə yarışacaq.

AzVision.az


Teqlər: TürkdilliDövlətlərinXizəkKurortlarıİttifaqı  



Xəbər lenti