Səngərdən əfsanəyə

// Polad Həşimovun şəhadəti günüdür

   Səngərdən əfsanəyə
  14 İyul 2025    Oxunub:1017
Beş il öncə, iyulun 14-də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin qəhrəmancasına şəhid olmaları xəbəri Azərbaycan xalqını sarsıtdı. Generalını və polkovnikini dərin ehtiramla son mənzillərinə yola salan minlərlə azərbaycanlının kədəri belə zabitlərə sahib olmağın qüruruna qarışmışdı. Polad Həşimov öndə gedən, əsgərlərini arxasınca aparan və son nəfəsinə qədər Vətənə sədaqət andına sadiq qalan bir general idi.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olundular. Bundan sonra Polad Həşimov haqqında onu tanıyanların təəssüratları, xatirələri sürətlə yayılmağa başladı. O 45 illik həyatının ən gözəl çağlarını Vətənə şərəfli xidmətə həsr etmiş səngər generalı idi. Onun əsilzadəliyi, zəhmi, tələbkarlığı ilə paralel yüksək insani keyfiyyətləri silahdaşlarının və əsgərlərinin yaddaşında dərin iz buraxmışdı.

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadəti xalqın oyanışı oldu. Xalq öz yüksək rütbəli zabitlərinin və onlarla birlikdə savaşda şəhadətə qovuşan hərbi qulluqçularının qisasını səngərdə, döyüş meydanında almaq üçün Ali Baş Komandana səslənərək döyüşmək istədiyini və "İrəli" əmrini gözlədiyini bildirdi. Minlərlə gənc hərbi komissarlıqlara axışaraq ön cəbhəyə getmək üçün adlarını siyahıya yazdırdı. Hər şey hazır idi, bircə Ali Baş Komandandan gələn "İrəli" əmri qalmışdı... Həmin əmr də çox gecikmədi. Cəmi iki ay sonra, yəni sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına qarşılıq olaraq Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu cəmi 44 günə düşmənin dizini yerə gətirdi.

Qələbədə pay sahibi olan hər bir döyüşçü həm qəhrəman zabitlərinin qisasını aldı, həm də onların missiyasını uğurla yerinə yetirdi. Tarixi Zəfəri bayram edən Azərbaycan xalqı müjdəni vermək üçün Şəhidlər xiyabanlarına axışaraq şəhidlərin, xüsusilə də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etdi. Polad Həşimovun izi ilə gedən cəsur oğulların onun son tapşırığını layiqincə yerinə yetirdiklərini generalın məzarı başında məruzə etmələri isə ən təsirli səhnələrdən idi...

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldülər.


Teqlər: Qəhrəmanlarımız  



Xəbər lenti