Azərbaycan Dövlət Kamera Orkestri Qəbələ Festivalında konsert verib - FOTOLAR

Azərbaycan Dövlət Kamera Orkestri Qəbələ Festivalında konsert verib    - FOTOLAR
  26 İyul 2025    Oxunub:1945
Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festival çərçivəsində iyulun 25-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub.
AzVision.az xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək orkestrin fəaliyyəti barədə məlumat verib.


Çıxışda bildirilib ki, Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnəsində konsert verib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib.


Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə orkestr 2007-ci ildə “Humay” milli mükafatına layiq görülüb. 2018-ci ildən kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.



Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Uvertüra” ilə başlayıb. Konsertdə Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Müslüm Maqomayev, Musa Mirzəyev, həmçinin G.Puççini, P.İ.Çaykovski, A.Piazzolla, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər Afaq Abbasova (soprano) və Aleksey Mittixin (cello), Nicat Salmanov (fleyta), Rəfiqə Quluzadə (piano), Cəlal Kərimov (bariton), Şərif Bağırov (klarnet), Hüseynağa Asalanovun (qiraətçi) ifaları, Daniyə Nəsirova (rəqqasə) və Ülvi Əliəhmədlinin (rəqqas) çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.



Festivalın proqramına uyğun olaraq, iyulun 26-sı gündüz saat 12:00-da “Detaşe-Sabah” violinoçular ansamblının konserti təqdim olunacaq.



AzVision.az



Teqlər: Qəbələ   KameraOrkestri  



Xəbər lenti