Ben Hoces: “Ukraynanın təhlükəsizliyi üçün minlərlə əsgər lazımdır”

      Ben Hoces:    “Ukraynanın təhlükəsizliyi üçün minlərlə əsgər lazımdır”
  20 Avqust 2025    Oxunub:1174
Təhlükəsizliyi təmin etmək üçün Ukraynaya hərbi personaldan ibarət “çoxminlik kontingent” lazımdır, əks halda bütün deyilənlərin hamısı “boş söz” olacaq.
AzVision.az Almaniyanın “Redaktionsnetzwerk Deutschland (RND)” nəşrinə istinadən xəbər verir ki, Avropadakı ABŞ qoşunlarının keçmiş Komandanı, istefada olan general Ben Hoces belə bəyanatla çıxış edib.

“Aydın missiyalı, sərt döyüş qaydaları və Rusiyanın hörmət etdiyi real imkanlarla minlərlə avropalı hərbçi yerləşdirmədən bu cür təminatlar boş söz olaraq qalır”, - Hoces vurğulayıb.

Onun sözlərinə görə, yalnız hava hücumundan müdafiə (HHM) sistemləri, uzaqmənzilli silahlar və artilleriya ilə təchiz edilmiş, Ukraynanın müdafiə strukturlarına inteqrasiya olunmuş və dəqiq nişanlanma qaydalarına malik Qərb əsgərlərinin mövcudluğu Rusiya və Vladimir Putinin “qarşısını effektiv şəkildə ala” bilər.

Xatırladaq ki, avqustun 19-da Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald Trampla Zelenski arasındakı görüşün nəticələrini müzakirə etmək və Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı növbəti addımları əlaqələndirmək üçün video-konfrans keçiriblər.

Böyük Britaniyanın baş naziri Kir Starmerin mətbuat xidməti bildirib ki, “istəklilər koalisiyasının” virtual görüşü zamanı hərbi əməliyyatların dayandırılacağı halda Avropa qoşunlarının Ukraynaya göndərilməsi mövzusu qaldırılıb. Həmçinin, Avropa liderlərinin yeni anti-Rusiya sanksiyalarının tətbiqi imkanlarını da müzakirə etdikləri açıqlanıb.

Lakin Moskva Avropanın istənilən ölkəsindən olan hərbi kontingentin Ukraynada yerləşdirilməsinin qəti şəkildə əleyhinə çıxır və belə xülyalardan daşınmağa çağırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hoces   Ukrayna   təhlükəsizlik  



Xəbər lenti