Ukraynanın təhülkəsizliyi üçün Moskvanın təklifi | VİDEO

   Ukraynanın təhülkəsizliyi üçün Moskvanın təklifi    | VİDEO
  20 Avqust 2025    Oxunub:738
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukraynanın təhlükəsizliyinə təminatların Çin, ABŞ, Böyük Britaniya və Fransanın iştirakı ilə bərabər əsaslarla verilməsinə razıdır.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in rəhbəri, eyni zamanda, bu məsələnin Moskvasız həll edilə bilməyəcəyini vurğulayıb.

“Böyük Britaniya, Fransa və Almaniyanın kollektiv təhlükəsizlik zəmanətlərini hazırlamaq istəməsi ilə bağlı xəbərlərə gəlincə, biz bu zəmanətlərin həqiqətən etibarlı olmasının tərəfdarıyıq”, – Sergey Lavrov İordaniyanın Xarici İşlər naziri Ayman əs-Səfədi ilə birgə mətbuat konfransında deyib.

Rusiyalı nazir xatırladıb ki, 2022-ci ilin aprelində İstanbulda keçirilən danışıqlarda Kiyevin nümayəndə heyəti sülh sazişinə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, Çin, Fransa, ABŞ, Böyük Britaniya) tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin işlənib hazırlanmasına dair bəndin daxil olunmasını təklif edib.

Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq” | VİDEO
Üstəlik bu təhlükəsizlik təminatçıları qrupuna qoşulmaqda maraqlı ola biləcək ayrı-ayrı dövlətlərin - Almaniya, Türkiyə və digər ölkələrin adları çəkilib. Lavrovun sözlərinə görə, Rusiya tərəfi həmin vaxt bu təklifi dəstəkləyib.

- Biz razılaşa bilmərik ki, indi təhlükəsizlik məsələlərini, kollektiv təhlükəsizliyi Rusiyasız həll etmək təklif olunur. Bu, işləməyəcək. Biz artıq bir neçə dəfə izah etmişik ki, Rusiya öz maraqlarını şişirtmir, lakin biz öz qanuni maraqlarımızı qəti və sərt şəkildə təmin edəcəyik”, - Rusiya XİN-in rəhbəri deyib.

Dünən ABŞ prezidenti Donald Tramp sülh sazişi bağlanacağı halda, Fransa, Böyük Britaniya və Almaniyanın öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirməyə hazır olduqlarını açıqlamışdı.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, avropalı müttəfiqlər və Vaşinqton gələcək təhlükəsizlik təminatlarına Ukrayna ordusuna dəstək, dənizdə, havada və quruda təhlükəsizlik qüvvələrinin yaradılmasını əhatə etməsi barədə razılığa gəliblər.

Bununla belə, adı çəkilməyən avropalı diplomata istinad edən “Politico” nəşrinin iddiasına görə, Böyük Britaniya və Fransa Ukraynaya qoşun göndərmək məsələsində çətinliklə üzləşə bilərlər.

Qeyd edək ki, Sergey Lavrov iordaniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Vladimir Putinlə Volodomir Zelenski arasında keçiriləcəyi gözlənilən görüşün baş tuta biləcəyini də dolayısı ilə şübhə altına alıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   Ukrayna   təhlükəsizlik  



Xəbər lenti