Navrotski ukraynalı qaçqınları məyus edib

Navrotski ukraynalı qaçqınları məyus edib
  25 Avqust 2025    Oxunub:956
Polşa prezidenti Karol Navroski müharibə səbəbindən bu ölkəyə gələn ukraynalı qaçqınlara yardımı tənzimləyən qanuna veto qoyub.
AzVision.az Polşanın “Onet” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Karol Navrotski Rusiya ilə 3,5 il davam edən genişmiqyaslı müharibədə Varşavanın strateji maraqlarının dəyişmədiyini və Rusiyanın ölkənin təhlükəsizliyi üçün ən böyük təhdid kimi qaldığını deyib. Lakin onun sözlərinə görə, Polşanın maliyyə vəziyyəti və ictimai əhval-ruhiyyə dəyişib.

“Ukrayna vətəndaşlarına yardım haqqında mənim aldığım qanunda ictimai müzakirə predmeti olan düzəlişlər yoxdur. Fikrimi dəyişmirəm və öhdəlikləri yerinə yetirmək niyyətindəyəm. Hesab edirəm ki, yalnız Polşada işləmək çağırışını qəbul edən ukraynalılar “800+” almalıdır”, - prezident Navrotski vurğulayıb.

Qanunun yeni redaksiyasında Ukrayna vətəndaşlarının müvəqqəti müdafiəsinin 2026-cı il martın 4-dək uzadılması nəzərdə tutulurdu. Karol Navrotski öz mövqeyini sosial ədalətin vacib olması ilə əsaslandırıb.

- Polşalılar öz ölkələrində ən azı Ukraynadan gələn qonaqlarımızla bərabər şəraitdə olmalıdırlar. Mənim üçün bu, prinsipial məsələdir, ona görə də mən Ukrayna vətəndaşlarına bu formada yardım haqqında qanunu imzalamamışam”, - Polşa prezidenti vurğulayıb.

Siyasətçi deyib ki, bu məsələ ilə bağlı öz qanun layihəsini təklif edib və hökuməti parlamentdəki bütün partiyalarla birlikdə “bu qanunun forması üzərində iki həftə ərzində səylə işləməyə” çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Ukrayna   qaçqınlar  



Xəbər lenti