Deputat: “Hesabat reallıqdan kənardır”

Deputat: “Hesabat reallıqdan kənardır”
  23 Aprel 2013    Oxunub:1327
“Dövlət Departamenti 2012-ci illə bağlı hesabatında Azərbaycanla bağlı qeyri-obyektivliyə yol verilib”.
AzVision.az xəbər verir ki, bu sözləri YAP Siyasi Şurasının üzvü, milət vəkili Aydın Mirzəzadə ABŞ Dövlət Departamentinin hesabatını şərh edərkən deyib.
“ABŞ Dövlət Departamenti 2012-ci illə bağlı hesabatında Azərbaycanda insan haqlarının pozulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, QHT-lərin sərbəst fəaliyyətinə maneələrin olması kimi informasiyalar yer alıb. Hesabatda bir çox yalnışlıqlara yol verilib və reallıqdan kənar qiymətləndirilib. Məsələn, sərbəst toplaşmağa dair məsələdə nədənsə qeyri-qanuni aksiya keçirilməsi, aksiya üçün nəzərdə tutulmayan yerlərdə hüquq-mühafizə orqanları ilə toqquşmalar yaradılması qeyd olunmayıb.

Yada salım ki, bir neçə il bundan əvvəl Vaşinqton meri meriya işçiləri ilə birlikdə şəhərə ayrılan büdcədənin azılığına etirazlarının ifadəsi olaraq Ağ Evin qarşısında icazəsiz aksiya keçirəndə, həmin an polislər tərəfindən saxlanıldılar və onlara qarşı inzibati tədbirlər görüldü. Göründüyü kimi, öz ölkələrində buna hüquqi yanaşıldığı halda digər ölkələrdə belə məsələyə hüquqi yanaşmanı qeyri-demokratik adlandırırlar.

Hesabatda QHT-lərlə bağlı verilən qiymət də tamamilə yalnışdır. Azərbaycanda QHT-lərin yaradılması, şəffaflığın təmin edilməsində heç bir problem yoxdur. QHT-lərə dövlət yarımlarını həyata keçirən şura fəaliyyət göstərilib və QHT-lər demokratik şəraitdə öz seçimləri əsasında bu şuranı formalaşdırırlar. Mətbuata isə ümumiyyətlə heç bir basqıdan söhbət gedə bilməz. Jurnalist istədiyi mövzunu azad şəkildə işıqlandıra bilir.

Hesab edirəm ki, vətəndaş hüquq və azadlıqları ilə bağlı Azərbaycan beynəlxalq konvensiyalar və konstitusiyasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetir. Biz dost ölkənin Azərbaycana qeyri-obyektiv qiymətindən təəssüflənirik və hesab edirik ki, bu hesabat üçün ilkin materialların verilmə mənbəyində yalnışlıqlar var. Ya Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən, ya da Azərbaycanda bu sahədə görülən işləri görmək istəməyəndən informasiyalar alınır və bunun əsasında hazırlanan hesabat da yalnış olur.

ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi ilə bağlı məlumatlara gəlincə, belə bir addım ABŞ-ın statusuna böyük xələl vermiş olar. Çünki, demokratik ölkəyə qarşı sanksiya tətbiq edilməsi ABŞ-ın demokratiya təbliğatına heç də adekvat olmayan mövqe nümayiş etdirməsi qənaətinə gəlinir. Azərbaycan açıq və Avropa dəyərlərinin təbliğ edildiyi bir ölkədir. Azərbaycana qarşı hansısa sanksiyadan söhbət gedə bilməz”.

AzVision.az


Teqlər:  





Xəbər lenti