Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri

   Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri
  27 Avqust 2025    Oxunub:1351
ABŞ-nin müvəqqəti işlər vəkili Qrenlandiyada “təsir cəhdləri”nə görə Danimarkanın Xarici İşlər nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, Danimarka XİN-in rəhbəri Lars Lökke Rasmussenin bəyanatına istinad edən “Danmarks Radio (DR)” radiostansiyası belə məlumat yayıb.

“Krallığın daxili işlərinə qarışmaq cəhdi, şübhəsiz ki, qəbuledilməz olacaq. Bununla əlaqədar mən Xarici İşlər nazirliyindən Amerikanın müvəqqəti işlər vəkilini danışıqlara çağırmağı xahiş etmişəm”, - diplomat deyib.

DR, səkkiz anonim mənbəyə istinadən bildirir ki, prezident Donald Trampla əlaqəsi olan ən azı üç amerikalı adada gizli təsir əməliyyatları həyata keçirir.

- Onların müstəqil, yoxsa koordinasiyalı şəkildə hərəkət etdiyi hələlik bəlli deyil. Bu ilin əvvəlində Qrenlandiyaya səfər edən bu amerikalılardan biri Trampın rəqiblərinin adlarını toplayıb və Ağ Evin muxtariyyət üzərində nəzarəti genişləndirmək planlarını dəstəkləyən ada sakinlərinin siyahısını hazırlayıb. Bu şəxs bir neçə dəfə ABŞ prezidentinin özü ilə bir yerdə görünüb”, - məlumatda deyilir.

Hazırda ABŞ-nin Danimarkada səfiri yoxdur: Trampın təyin etdiyi Ken Haueri hələ öz vəzifəsinin icrasına başlamayıb. ABŞ-nin Kopenhagendəki səfirliyinin sözçüsü “DR” radiostansiyasına deyib ki, Vaşinqton ayrı-ayrı şəxslərin hərəkətlərinə nəzarət etmir və bəzi amerikalıların Qrenlandiyada öz maraqları ola bilər.

Radiostansiya, eyni zamanda, Danimarkanın nadir hallarda müttəfiq ölkələrin nümayəndələrini danışıqlar üçün Xarici İşlər nazirliyinə çağırdığına diqqət çəkib.

Qrenlandiya neçəyədir?
Xatırladaq ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsi zərurətini açıqlayıb və bundan imtina olunacağı təqdirdə Danimarkaya yüksək ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentliyi zamanı o, adanı pulla almaq təklifini irəli sürüb, lakin Danimarka və Qrenlandiya hakimiyyəti bu təşəbbüsü rədd ediblər.

Sorğular qrenlandiyalıların bəzilərinin Birləşmiş Ştatlara qoşulmaqda maraqlı olduğunu göstərsə də, adanın Danimarkadan ayrılmasının vaxtı və forması ilə bağlı konkret qərarlar yoxdur. Yanvar sorğusu isə əhalinin yalnız 6%-nin ABŞ-yə qoşulmağı dəstəklədiyini göstərib.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. 1951-ci ildə ABŞ və Kopenhagen adanı qorumaq üçün NATO-nun müttəfiqlik öhdəliklərini tamamlayan müqavilə imzalayıblar. Bu sazişə əsasən, ABŞ Qrenlandiyanı mümkün təcavüzdən müdafiə etməyi öhdəsinə götürür. Adada raket hücumu barədə xəbərdarlıq tapşırıqlarını yerinə yetirən və Arktika zonasına nəzarət edən Amerikanın “Pituffik” kosmik bazası yerləşir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qrenlandiya  



Xəbər lenti