Kavelaşvili Trampa: "Bəs Gürcüstan?"
"Co Bayden hökumətinin ədalətsiz, kobud və aqressiv siyasəti nəticəsində münasibətlərimiz zərər görüb. Hərçənd sizin hökumətiniz də Gürcüstana lazımi diqqəti göstərmir. Belə bir vəziyyət, Tbilisi və Vaşinqtonun dəyər yanaşmaları tamamilə üst-üstə düşsə də, cəmiyyətimizdə çaşqınlıq yaradır. Bu gün diqqət mərkəzində saxladığınız məsələləri Gürcüstan hələ illər əvvəl qaldırmışdı. Bu cür oxşar dünyagörüşünə baxmayaraq, təəssüf ki, ABŞ müxtəlif təşkilatların vasitəsilə ölkəmizdə sabitliyi pozmağa çalışır", – məktubda deyilir.
Mixeil Kavelaşvilinin sözlərinə əsasən, Vaşinqton son bir neçə ay ərzində "Gürcüstanın bütün qonşu ölkələri" ilə sıx əlaqələr qurub:
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək göstərdiniz, Türkiyə ilə fəal əməkdaşlıq qurdunuz, hətta Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı canlandırdınız. Halbuki sizin hökumətiniz Gürcüstan haqqında bir kəlmə də dilə gətirmir. Dediyim kimi, belə bir münasibət cəmiyyətimizdə çaşqınlıq yaradır. Deyirlər, son bir neçə ayda dünyanın yarısında vəziyyəti dəyişmisiniz, ancaq hökumətinizin ölkəmizə diqqət göstərmədiyini nəzərə alsaq, regionda sülh naminə atdığınız addımların səmimiliyi şübhə doğurur".
Gürcüstan Prezidenti məktubun axırında bildirib ki, bütün anlaşılmazlıqlara baxmayaraq, Vaşinqtonun Tbilisiyə münasibətinin dəyişəcəyinə ümidvardır.
"Gürcü xalqının təsəvvüründə ABŞ-nin güclü prezidentlə, sülhü quruculuğu ilə, ənənəvi dəyərlərə hörmətlə əlaqələndirilməsi vacib məsələdir. Şəxsən Gürcüstan Prezidenti qismində ABŞ ilə strateji tərəfdaşlığın yenidən qurulmasına maksimum dərəcədə töhfə verməyə hazıram. Bu məqsədə çatmaq üçün zəruri şərt hökumətinizin Gürcüstan dövlətinə və xalqına ədalətli, diqqətli münasibətinin yaradılmasıdır", – Mixeil Kavelaşvili söyləyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Gürcüstan ABŞ prezident məktub







Vaxtında, Aydın, Lazımlı!


