TQDK qəbul vaxtını və qaydalarını açıqladı

TQDK qəbul vaxtını və qaydalarını açıqladı
  15 Fevral 2013    Oxunub:1840
Qəbul imtahanları iyul ayının 24-dən etibarən başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun qaydalarını açıqlayıb.

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bütün qaydalar və qəbul imtahanı proqramları “Abituriyent” jurnalının 1-ci sayında dərc olunub. Onun sözlərinə görə, bununla da bu ilin qəbul kampaniyası başlayıb: “Bu qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib və hüquqi cəhətdən qaydalarda heç bir dəyişiklik yoxdur. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər təyin olunacaq vaxtda internet vasitəsi ilə “Abituriyentlərin elektron ərizəsi”ni dolduraraq müvafiq sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Bu il də bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. Belə ki, I ixtisas qrupunda – riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək”.

TQDK sədri abituriyentlərə və müəllimlərə bu jurnalla tanış olmağı məsləhət görüb. Onun sözlərinə görə, çox zaman müəllimlər burada olan proqramlarla tanış olmadan abituriyentləri hazırlaşdırırlar: “Amma bu proqramı abituriyent, müəllim və valideynlər mütləq oxumalıdır. Buna əsasən də abituriyentlər bilərlər ki, cari ildə qəbul qaydalarında hansı dəyişikliklər edilib. Bundan əlavə, nəyi yaxşı bilirlər, nəyisə təkrar etməlidirlər. Jurnalda builki qəbul imtahanlarında istifadə olunacaq test nümunələrinə uyğun olan müəyyən test nümunələri verilib. Bəzən imtahan qurtarandan sonra müəyyən fikirlər səsləndirilir ki, suallar çətin olduğundan abituriyentlər aşağı nəticə göstəriblər. Amma bir daha bildirirəm ki, bu suallar yarım il bundan öncə elan edilib. Bu gün də hansı elmi müzakirə tələb olunursa biz bunları aparmağa hazırıq”.

TQDK sədri Məleykə Abbaszadə qəbul imtahanlarının vaxtını da açıqlayıb. Onun sözlərinə görə, III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə imtahan isə avqustun 3-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti