Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib. Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.
Xatırladaq ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.
* * *
13:19
Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.
* * *
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun Seyidbəyli kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.
AzVision.az "Azərtac"a istinadən xəbər verir ki, sentyabrın 13-də Ağdamdan Xocalının Seyidbəyli kəndinə ilk köç yola salınıb. Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 9 ailə - 30 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


