Kəndlərdə elektrik şəbəkələri təkmilləşdirilir | VİDEO

Kəndlərdə elektrik şəbəkələri təkmilləşdirilir    | VİDEO
  15 Sentyabr 2025    Oxunub:937
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regional elektrik şəbəkələrinin yenidən qurulması proqramını davam etdirir. 2025-ci il üçün tədbirlər planında Saatlı və Sabirabad rayonlarının bir sıra kəndlərində elektrik şəbəkələrinin bərpası da nəzərdə tutulub.
AzVision.az “Azərişıq” ASC-nin məlumatına istinadən xəbər verir ki, hazırda sözügedən kəndlərdə elektrik şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Saatlı rayonunun Hacıqasımlı və Kamallı kəndlərində 0,4 və 10 kV-luq elektrik şəbəkələri tam bərpa olunub. 0,4 kV-luq metal dayaqlar quraşdırılıb və özüdayanıqlı izolyasiyalı naqillər (SİP) çəkilib. Bundan əlavə, kəndlərin hər birində altı ədəd tam komplektli transformator yarımstansiyası (KTM) quraşdırılıb.

Layihə çərçivəsində Saatlı rayonunun Nabatkənd, Çölpi, Nərimankənd, Musalı, Əlisoltanlı və Dəllər kəndlərində də elektrik şəbəkələri yenidən qurulub. Bu kəndlərdə ümumilikdə 50-yə qədər yeni enerji məntəqəsi yaradılıb.

Sabirabad rayonunun Əhmədabad kəndində köhnəlmiş 0,4 və 10 kV markalı dayaqlar yeni metal dayaqlarla əvəz olunur. 0,4 kV-luq elektrik təchizatlı kabel xətti çəkilir, sayğaclar yenilənir. Kənddə 9 müasir yarımstansiyanın quraşdırılması nəzərdə tutulub.

Saatlı və Sabirabad rayonları da daxil olmaqla Şirvan Regional Elektrik Enerjisi Təchizatı və Satışı İdarəsinin (REİS) ərazisində 18 kənddə yenidənqurma işləri aparılır.

“Azərişıq” ASC Şirvan RUEP ilə birlikdə respublikanın bütün bölgələrində əsaslı təmir və tikinti işlərini davam etdirir. Görülən işlər vətəndaşların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə yönəlib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: kəndlər   elektrik   şəbəkələr  



Xəbər lenti