AP-nin Kiyevdə nümayəndəliyi açılıb

   AP-nin Kiyevdə nümayəndəliyi açılıb
  17 Sentyabr 2025    Oxunub:1300
Ukrayna paytaxtı Kiyev şəhərində Avropa Parlamentinin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
Bu barədə Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ukrayna Ali Radasında çıxışı əsnasında məlumat verib. O vurğulayıb ki, bu addım nəticəsində Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığı daha da gücləndirəcək.

"Nümayəndəlik paytaxtda gündəlik fəaliyyət göstərəcək. Bu sizə qarşı öhdəliyimiz idi. Beləliklə, yerinə yetirdik", – xanım sədr söyləyib.

Roberta Metsola həmçinin diqqətə çatdırıb ki, Aİ yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiya paketini irəli sürəcək. Onun sözlərinə görə, sanksiyaların hədəfi Rusiya neft və qazının satışına növbəti dəfə qadağa qoymaq, habelə "kölgə donanması" ilə gücləndirilmiş mübarizə aparmaqdır.

Xatırladaq ki, Roberta Metsola bu gün Ukraynaya səfərə gedib. O, səfər çərçivəsində Prezident Volodimir Zelenski və digər bir sıra hökumət nümayəndəsi ilə görüşlər keçirəcək. Xanım sədr Kiyevə axırıncı dəfə 2024-cü ilin mayında yollanmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   AP   Ukrayna   nümayəndəlik  



Xəbər lenti