Xankəndidə Şəhər Günü qeyd olunur | FOTOLAR | YENİLƏNİB

Xankəndidə Şəhər Günü qeyd olunur |    FOTOLAR | YENİLƏNİB
  20 Sentyabr 2025    Oxunub:957
Mədəniyyət Nazirliyi və Xankəndi
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.
AzVision.az xəbər verir ki, 20 sentyabr, eyni zamanda, Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.
Yəni bu gün Xankəndidə, sözün əsl mənasında, bayram ab-havası yaşanır.

Şəhər Günü münasibətilə Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.
Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, xüsusi nümayəndəliyin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək hər iki bayram münasibətilə təbriklərini çatdırıb, sərgi haqqında məlumat veriblər.

Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev və başqa tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.

"Qarabağ – obyektivdən tarixə" sərgisi həmçinin ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

* * *

13:56
Mədəniyyət Nazirliyi və Xankəndi
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.

AzVision.az xəbər verir ki,
Bu münasibətlə Xankəndidə əsl bayram ab-havası yaşanır. Gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Həmin ilin 15 oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncami ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi təqvimimizə yazılıb.


AzVision.az


Teqlər: Xankəndi  



Xəbər lenti