Leyla Əliyevanın təşəbbüsü ilə Xəzərə dair konfrans təşkil edilib
Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.
Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


