Paytaxtda təmizlik işləri aparılıb

Paytaxtda təmizlik işləri aparılıb
  04 Oktyabr 2025    Oxunub:1113
Paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə növbəti dəfə təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını həyata keçirib.

Məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qurumuş budaqları budanıb, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb, onların yerinə yeni, iqlimə uyğun ağacların əkilməsi aparılır. Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd çezalpiniya gül kolu əlilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib. Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.

AzVision.az


Teqlər: Bakı   təmizlik-işləri  



Xəbər lenti