Səbinə Əliyeva: “ İnsanlar “dəli” və ya “ruhi xəstə” damğası vurulacağından çəkinirlər”

   Səbinə Əliyeva:  “ İnsanlar “dəli” və ya “ruhi xəstə” damğası vurulacağından çəkinirlər”
  09 Oktyabr 2025    Oxunub:1576
“Böhran anlarında heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclasında Ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, “Fövqəladə hallar və böhranlar zamanı psixi sağlamlıq xidmətlərinə çıxış” builki Ümumdünya Sağlamlıq Gününün mövzusudur. Bu yanaşma müharibə, təbii fəlakət, pandemiya və digər böhran şəraitində psixoloji dəstək xidmətlərinin əlçatanlığını insan hüquqlarının tərkib hissəsi kimi ön plana çıxarır.

“Belə hallarda insanların yaşadığı stress, travma və qorxunun onların həyat keyfiyyətinə uzunmüddətli təsir göstərməsi xüsusi diqqət tələb edir. Ona görə də böhran anlarında heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır. Bu mövzu təəssüf ki, bizim cəmiyyət üçün son dərəcə aktualdır. Ölkəmiz Birinci və İkinci Qarabağ müharibəsinin ağır nəticələrini yaşamışdır. Müharibələr yalnız fiziki dağıntılarla bitmir – onun mənəvi və psixi mirası illərlə davam edən yaralar qoyur.

Köçkünlük, itkilər, əsir götürülmə halları, partlayıcı qalıqların yaratdığı təhlükələr, ailə və icma bağlarının zədələnməsi minlərlə vətəndaşımızın stabil psixi vəziyyətini sarsıtmışdır. Qeyd etmək istəyirəm ki, müharibə və post-müharibə dövründə zərərçəkmiş şəxslərə və onların yaxınlarına, ailə üzvlərinə mütəxəssislər tərəfindən psixoloji və tibbi dəstək göstərilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində - Gəncədə, Şəkidə, Ağstafada, Lənkəranda aksiyalar təşkil olunmuşdur.

Bu ağır təcrübələr göstərir ki, psixi sağlamlıq yardımı müharibədən sonrakı bərpa prosesinin əsas hissəsidir. Ombudsman olaraq, qazilərin, şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqətdə saxlayırıq və bu istiqamətdə fəaliyyətin gücləndirilməsini tövsiyə edirik”.

O qeyd edib ki, Azərbaycan cəmiyyətində psixi sağlamlıqla bağlı stiqmatizasiya məsələsi aktualdır: “Ombudsmanın tapşırığı əsasında İşçi Qrupun Katibliyi tərəfindən müvafiq təhlil işi aparılıb. İlk olaraq cəmiyyətdə psixi pozuntuları olan şəxslərə münasibət, stiqmatizasiya, ayrı-seçkilik halları ilə bağlı vəziyyəti öyrənmək məqsədilə ictimai rəy sorğusu və sosial şəbəkələrin monitorinqi keçirilib. Sorğu gender balansı nəzərə alınmaqla müxtəlif yaş kateqoriyasından olan şəxslər tərəfindən anonim qaydada cavablandırılıb.

Aparılmış sorğunun nəticələri göstərir ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək ölkəmizdə hələ də bir çox insanlar üçün çətin qərardır – insanlar peşəkar kömək istəməyə utanc və ya tərəddüdlə yanaşır, “dəli” və ya “ruhi xəstə” damğası vurulacağından çəkinirlər. Sorğuda iştirak edən bir çox respondent, psixi pozuntu ilə yaşayan şəxslərin ailə qurmasına və valideyn olmasına qarşı çıxdığını, onların bu məsuliyyəti daşıya bilməyəcəyindən ehtiyat etdiyini bildirib. Hətta bu insanlar haqqında cəmiyyətdə “təhlükəli” və “etibarsız adam” kimi yanlış rəy formalaşıb. Təhlil işi cəmiyyətimizdə psixi sağlamlıq barədə hələ də ciddi stereotiplərin hökm sürdüyünü açıq şəkildə göstərir”.

AzVision.az



Teqlər:



Xəbər lenti