“Gülərdən çox narahatıq”

“Gülərdən çox narahatıq”
  15 Fevral 2013    Oxunub:1788
“Səhhətindən də, özündən də narahatıq”
Sabiq deputat Gülər Əhmədovanın fevralın 13-də baş verən həbsi gündəmin əsas mövzularından birinə çevrilib.
Gülər Əhmədovanın bacısı Gülnar Quliyeva həbsin təfərrüatlarından danışıb. O, məhkəmə prosesində iştirak etməsə də binanın qabağında olub: “Mənim üçün bu həbs qəfil oldu. Gülərin özünün bu barədə daha öncə məlumatlı olub-olmamasını bilmirəm”.
G.Quliyeva G.Əhmədovanın mülklərinin qeydiyyata alınması ilə bağlı deyilənlərin yanlış olduğunu söylədi, bu sayaq halların məhkəmədən sonra baş verdiyini vurğuladı. Deyib ki, həmin gün G.Əhmədovanın sonbeşiyinin, 8 yaşlı oğlunun ad günü olub: “Ad gününü evdə keçirəcəkdilər. Amma elə saatda gəlib aparıblar ki, ad günü də keçirə bilməyiblər”.
G.Quliyeva bacısının səhhətinə görə narahatdır. Son vaxtlar ürəyində problemlər olan G.Əhmədovanın sonuncu gün də ağrıları olub: “Səhhətindən də, özündən də narahatıq. Hələ bilmirik ki, ilk dəfə yanına nə vaxt gedəcəyik. Hələ hadisənin şokundayıq, başqa heç nə barədə düşünmürük”.
Gülnar Quliyeva G. Əhmədovanın kiçik oğluna özünün baxdığını dedi. Əsgərlikdə olan oğlunun isə bu həbsdən xəbərinin olub-olmadığını bilmədiyini vurğuladı: “Balaca oğlu hələ bilmir anasının harada olmasını. İndi ona necə deyiləcək, nə deyiləcək, baxarıq. Əsgərlikdəki oğlundan xəbərimiz yoxdur”.
Mediada Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun həbs olunması ilə bağlı yayılan xəbərlərə gəlincə isə Gülnar Quliyeva bu barədə məlumatı olmadığını dedi. O, bu barədə ilk dəfə müxbirimizdən eşitdiyini, bunun onunçün sürpriz olduğunu vurğulayıb. (musavat.com)


Teqlər:  





Xəbər lenti