Sevgililərin qovuşmadığı “cənnət”dən REPORTAJ

Sevgililərin qovuşmadığı “cənnət”dən REPORTAJ
  11 Avqust 2014    Oxunub:24001
Deyirlər kimisə görmək sadəcə 1 saniyə, kimdənsə xoşlanmaq 1 saat, kimisə sevmək 1 gün, kimisə unutmaq isə 1 ömür tələb edir.

Ancaq bu dəfə elə deyil. Müsahibim Rauf nəinki unutmaq, əksinə bir ömür sevənlərdəndir. Onun məhəbbətinin hər sirrini,dəyərini isə bağında əkdiyi gül-çiçək qədər heç kim bilmir.

Əczaçıydım gülçü oldum...



Əslən Masallıdan olan Rauf Rəhimov Bakı Əzcaçılıq Məktəbində təhsil alıb. Ancaq sonradan bu peşədən uzaqlaşıb. O vaxtdan bu günədək bağında gözəl, qeyri-adi gül-çiçəkləri əkib becərməklə məşğul olur. Hər kəs onu “bağbanlar kralı” kimi tanıyır. Onun güllərə olan məhəbbətinə səbəb isə oxu daşa dəymiş sevgisi olub. Bunun tarixçəsini isə onun öz dilindən eşidək:

“Çox sevdiyim bir qız var idi. Həmişə istəyirdim ki, ona qeyri-adi güllər verim. Ancaq bu cür gülləri tapmaq bir o qədər də o vaxt asan deyildi. Buna görə də qərara gəldim ki, həmin qız üçün özüm öz əllərimlə gül əkim ki, zəhmətimlə, alın tərimlə hazırlanan gül-çiçək olsun.... Bax gördüyünüz güllü-çiçəkli, qeyri-adi bağımın tarixçəsi belə başlayıb.Əczaçıydım, sevdiyim qız məni gülçü elədi” . (gülür)

Artıq o mənim yarım deyildi...



“Bilirsiniz, adam aşiq olanda yarından ötrü canından da keçməyə hazır olur. Fərhad Şirindən ötrü o boyda Bisutin dağını yardı, mən də bağ düzəltdim. Fərhadın çiyninə böyük yük düşmüşdü, mənim ki, ona baxanda asandır, gül əkib becərirəm. Güllərdə heç kimin becərmədiyi, görmədiyi, hətta xəyalına gətirmədiyi rəng almaq istəyirdim. Buna isə əməlli başlı zaman lazım olurdu. Bir qızıl gülün rəngin dəyişmək üçün 7 il vaxt lazımdır ki, sən bu vaxt ərzində yeni bir gül alasan...

Mən bu bağı hazırlayıb qurtaranda həmin qız artıq mənim yarım deyildi. Onu mənə deyil, başqasına ərə verdilər. Bu hadisə mənim ürəyimə çox toxundu. Hətta belə bir şeir də yazmışdım:



Bir zaman cox dilədim,
Dəstə tutub yara verim.
Tapmadım bircə çiçək,
O gülü gülzarə verim.
İndi bax dörd tərəfim gülşən olub, güllə dolub
Sənki yoxsan hansi növ bahara verim.

Eh, ay oğlum bu şeiri yazdığım vaxtdan 50 il keçib artıq. (kədərlənir)”.




Yarım var idi gülüm yox
Gül bəslədim yarım yox


Başından keçən sevgi hekayəsini ürəkağrısı ilə danışan həmsöhbətimiz indiyədək evlənmədiyini deyir:

“Neyləyim mənim də bəxtim belə gətirdi. O zamandan bəri nə kimisə yenidən sevdim, nə də ki evləndim. Artıq bunu qəbul etdim ki, mənim yarım ancaq bağımda əkdiyim əsrarəngiz güllər ola bilər.

Mən o xanımdan otrü bu cənnəti qazanmışam. İndi artıq yaradanla bitkinin arasında vasitəçiyəm. İndi həmin xanım mənim üçün ikinci dərəcədədi, yarım bu güllərdi. Məhəbbət gül aşiqi etdi, dünyada mənim qədər gülü sevən olmaz”.

Gül insanlardan sədaqətlidir



Doğrudur, güllərin də ömrü az olur.Ancaq nəticədə 5 gün yaşasa da gül kimi yaşayır.

Buna görə də müsahibim Rauf fani dünayada gülsüz, çiçəksiz yaşaya bilmədiyni deyir:

Çiçək bəsləyirəm mən, çiçək hər gün
Çiçəksiz nə bağça, nə də bağ olmur.
Çiçəksiz görmədim dəfin ,toy,düyün
Dünyada çiçəksiz yaşamaq olmur.


İnsan öləndə onu dəfn etdikdən sonra oğul, qız, digər doğmaların hamısı qayıdıb evə gəlir. Qəbir üstə kim qalır? Çiçəklər. Bu baxımdan güllər insanlardan sədaqətlidir.

Cənnət bağının amerikalı və ingiltərəli qonaqları ...



Rauf deyir ki, əlləri ilə saldığı “Cənnət bağı”nın bir çox qonaqları olub. Onlar arasında xaricdən gələn tanınmış şəxslər də olub:



“Mənim üçün fərqi yoxdu, bu adam generaldı və ya sıravi vətəndaş. Əgər gülü sevirlərsə mənə görə xüsusi adamlardı.
Hətta Amerikanın Azərbaycandakı səfiri, Oksford Unversitetinin direktoru da burada olub. Direktor bu bağa gələndə mən onu tanımırdım, ona sual verdilər ki, bağa nə qiymət verirsən? Dedi, mən şokdayam, bu insan landşaft ilə arxitektoru o qədər gözəlləşdirib ki, bağın hansı guşəsinə qədəm basırsansa, həmin guşə səni düşünməyə vadar edir. Bağ onu özünə yaman çəkmişdi, heç cürə təsəvvür edə bilmirdi ki, belə bir cənnəti necə yaratmışam.



Hansısa amerikana və ya ingilisə mən heç cürə başa sala bilməzdim ki, bura mənim ürəyimdəki sevginin cənnətidir.



Qeyd edək ki, reportajın hazırlanmasında göstərdiyi köməyə görə, Nuray Suya təşəkkürümüzü bildiririk.

Nuron Məmmədov
Fotolar müəllifindir

Qalereya




Teqlər:  





Xəbər lenti