İran uranın zənginləşdirilməsini dayandırmayacaq – XİN rəhbəri

İran uranın zənginləşdirilməsini dayandırmayacaq – XİN rəhbəri
  02 Noyabr 2025    Oxunub:974
İran Birləşmiş Ştatlar və onun müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, uranın zənginləşdirilməsi proqramını dayandırmayacaq. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

Əraqçi şənbə günü “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, ABŞ və İsrailin iyun ayında həyata keçirdiyi hava zərbələri İranın nüvə infrastrukturunu sıradan çıxara bilməyib. “Bəzi nüvə materialları dağıntıların altında qalsa da, texnologiya bütövlükdə qorunub saxlanılıb”, – o qeyd edib. Nazir vurğulayıb ki, İranın nüvə proqramı tamamilə enerji məqsədi daşıyır.

“Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Müharibə ilə əldə olunmayan heç nə siyasi yolla da əldə edilə bilməz”, – Əraqçi bildirib.

O, həmçinin qeyd edib ki, İran ABŞ-la dolayı danışıqlara hazırdır, ancaq bunun üçün Vaşinqton “mümkünsüz və qəbuledilməz şərtlərdən” əl çəkməlidir.

Nazir əlavə edib ki, İranın raket proqramı da müzakirə mövzusu deyil: “Silahlarını təhvil vermək ağılsızlıq olardı”.

Omanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqları İsrailin bu ilin əvvəlində başladığı 12 günlük bombardmandan sonra dayandırılıb.

Ötən ay Avropa İttifaqı və Böyük Britaniya 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş sanksiyaları yenidən tətbiq edib. ABŞ həmin sazişdən Donald Trampın prezidentliyinin birinci dövründə çıxmışdı. Tehran isə bəyan edib ki, oktyabrda müddəti bitən bu razılaşmanın şərtləri ilə artıq maraqlanmır.

Röya Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti