Vuçiç: “Rusiya ilə müharibəyə hazırlıq gedir”

      Vuçiç:    “Rusiya ilə müharibəyə hazırlıq gedir”
  12 Noyabr 2025    Oxunub:1087
Serbiya da daxil olmaqla, “hamı” Avropa ilə Rusiya arasında mümkün müharibəyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç “Pink” telekanalına müsahibəsində Fransa Silahlı qüvvələrinin Baş Qərargah rəisi, general Fabyen Mandonun Fransa milli ordusunun “üç-dörd ildən sonra şoka hazır olmalıdır” bəyanatını şərh edərkən belə deyib.

“Faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə getdikcə daha aydın görünür. Bu, sadəcə, boş xəbər deyil. Hamı buna hazırlaşır. Bunu son dərəcə məsuliyyətli general deyib”, - Aleksandr Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya özünü “çəkiclə zindan arasında” hiss edir, ona görə də hakimiyyət ölkə ordusunu gücləndirməlidir.

- Biz ağıllı şəkildə silahlanırıq. Ölkəmizi qorumaq üçün böyük sərmayələr qoymağa davam etməliyik”, - Serbiya lideri vurğulayıb.

Aleksandr Vuçiç əvvəllər bütün dünyanın qlobal hərbi münaqişələrə hazırlaşdığını, ölkələrin isə hansı tərəfi tutacağını müəyyənləşdirmək üçün gözləmə mövqeyi tutduqlarını iddia etmişdi.

Xatırladaq ki, bundan əvvəl Fransanın Baş Qərargah rəisi, general Fabyen Mandon “Ouest-France” nəşrinə müsahibəsində iddia edib ki, Rusiya Ukrayna ilə müharibəni “qloballaşdırıb” və kəşfiyyat məlumatları NATO ölkələrinin mümkün hərbi əməliyyatlara hazırlaşmasının zəruriliyini təsdiqləyir.


Jurnalistlər, həmçinin general Fabyen Mandonun oktyabrda parlamentin Müdafiə komitəsinin üzvləri qarşısında çıxışı zamanı Rusiyanın Avropada “müharibəni davam etdirməyə şirniklənə bilməsi” fonunda Fransa silahlı qüvvələrinin “3-4 ildən sonra toqquşmaya hazır olması” barədə xəbərdarlığına diqqət çəkiblər.

“Rusiya Avropanı zəif sayır. Mən bilirəm ki, Rusiya öz ordusunu NATO ölkələrinə qarşı hərbi əməliyyatlar apara biləcək şəkildə yenidən təşkil edir. Biz buna hazırlaşmalıyıq”, - general deyib.

Onun proqnozlarının nəyə əsaslandığı barədə sulaın cavabında Fabyen Mandon öz mövqeyinin toplanmış kəşfiyyat məlumatlarına söykəndiyini söyləyib.

- Bu qiymətləndirmə bizim yaxın müttəfiqlərimiz tərəfindən geniş şəkildə paylaşılır. Alman kəşfiyyatının rəhbəri bu yaxınlarda Berlinin yanaşmasının bizimki ilə eyni olduğunu açıqlayıb. Britaniyada da belədir. ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rusiyadan və onun İran, Çin və Şimali Koreya ilə sıx əlaqələrindən də son dərəcə narahatdır”, - fransalı general vurğulayıb.

İyunun sonunda Almaniyanın Baş Qərargah rəisinin və “digər yüksək səviyyəli hərbi liderlərin” bəyanatlarını əsas gətirən NATO-nun baş katibi Mark Rütte də Rusiyanın beş il ərzində NATO-ya hücum edə biləcəyini açıqlamışdı.

Onun sözlərinə görə, narahatlığı təkcə Moskva deyil, həm də öz silahlı qüvvələrini fəal şəkildə gücləndirən Çin də artırır. Almaniya Birləşmiş qüvvələrinin komandanı general-leytenant Aleksandr Solfrankın fikrincə isə, Rusiya “artıq sabah NATO-ya məhdud zərbə endirməyə” qadirdir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Avropa   Rusiya   müharibə  



Xəbər lenti