Zelenski: “Öz ərazilərimizdən çıxmayacağıq”

      Zelenski:    “Öz ərazilərimizdən çıxmayacağıq”
  13 Noyabr 2025    Oxunub:860
Rusiya ABŞ prezidenti Donald Trampa Ukraynanın Donetsk və Luqansk vilayətlərini tərk etməli olduğunu göstərmək üçün Pokrovsk şəhərini ələ keçirməyə çalışır.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində belə deyib.

Zelenski Donetsk vilayətinin şərqindəki Pokrovskda vəziyyətin “çox çətin” olaraq qaldığını etiraf edib. Onun sözlərinə görə, rus qoşunları aylarla davam edən şiddətli döyüşlərdən sonra şəhərə nəzarətə yiyələnməyə çalışır.

Zelenski bildirib ki, Moskva Trampı Ukraynanın müharibəyə son qoymaq üçün Donetsk və Luqansk vilayətlərindən ibarət bütün şərqi Donbasdan çıxmalı olduğuna inandırmaq üçün Pokrovskda qələbə axtarır.

G7: “Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”
Bununla belə, o, Ukrayna qoşunlarının bu ərazilərdən çıxarılması ilə bağlı istənilən qərarın yerli komandirlərin səlahiyyətində olduğunu iddia edib.

“Heç kim onları xarabalıqlar naminə ölməyə məcbur etmir. Mən əsgərlərimizi, xüsusən də oradakı komandirləri vəziyyətə nəzarət etmək səylərində dəstəkləyəcəm. Əks halda, bu, bizim üçün çox baha başa gələcək - bizim üçün ən vacib olan əsgərlərimizdir”, - Ukrayna prezidenti deyib.

Zelenski, eyni zamanda, Ukraynanın öz şərq ərazilərini müdafiə etməkdən əl çəkməyəcəyini diqqətə çatdırıb.

- Bunu heç kim başa düşməyəcək, xalq başa düşməyəcək. Ən əsası isə heç kim təminat verə bilməz ki, onlar bu və ya digər şəhəri ələ keçirsələr, daha da irəliləməyəcəklər. Onları çəkindirən heç bir amil yoxdur”, - Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Rusiya səylərini Ukraynanın enerji sisteminə hücumlara yönəldir və gələn yaza kimi ölkəni zəiflətməyə çalışır.

“Ruslar bilirlər ki, enerji amili aradan qalxdıqdan sonra onların başqa güclü amilləri qalmayacaq. Həm də Rusiya qoşunları göstərmək itədikləri kimi çox gücə malik deyillər”, - Volodimir Zelenski vurğulayıb.

Xatırladaq ki, G7 ölkələrinin Xarici İşlər nazirlərinin Kanadada keçirilən yığıncağının yekun bəyanatında sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyinə dair Rusiyaya xəbərdarlıq edilib.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   Zelenski   Donbass  



Xəbər lenti