DGK: Qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb

         DGK:    Qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
  15 Noyabr 2025    Oxunub:1138
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası ərazisindən keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.


Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.


Qeyd edək ki, aşkarlanan narkotik vasitənin Avropanın qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az







Teqlər: DGK   heroin  



Xəbər lenti