Banqladeşin keçmiş baş nazirinə ölüm hökmü çıxarıldı

Banqladeşin keçmiş baş nazirinə ölüm hökmü çıxarıldı
  17 Noyabr 2025    Oxunub:827
Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunalı bu ölkənin keçmiş baş naziri xanım Şeyx Hasinanı 2024-cü ildə kütləvi iğtişaşların yatırılması zamanı insanlığa qarşı törətdiyi cinayətlərə görə ölüm cəzasına məhkum edib.
AzVision.az bildirir ki, bu barədə məhkəmə iclasının “BTV” telekanalının canlı yayımında məlumat verilib. Məhkəmə Hasinanı insanlığa qarşı cinayətlərin beş maddəsinin hamısında təqsirli bilib.

“Biz ona ölüm hökmü çıxarmaq qərarına gəldik”, - hakim bəyan edib.

Banqladeşin keçmiş Daxili İşlər naziri Əsəduzzaman Xan Kamal barəsində də ölüm hökmü çıxarılıb.

Müttəhim qismində çıxış edən ölkə polisinin keçmiş baş müfəttişi Çoudhuri Abdullah Əl Məmun isə 5 il həbs cəzası alıb. O, əvvəllər günahını etiraf edib və istintaqla əməkdaşlığa razı olub. Məmun hökm oxunmasında iştirak edən yeganə müttəhim olub.

Xanım Şeyx Hasina məhkəmədə olmayıb: o, ötən ilin avqust iğtişaşlarından sonra qaçdığı Hindistandadır. Banqladeş qanunlarına görə, sabiq baş nazir yalnız həbs edilərsə və ya hökm çıxarıldıqdan sonra 30 gün ərzində könüllü şəkildə hakimiyyət orqanlarına təslim olarsa, apellyasiya şikayəti verə bilər.

Keçmiş baş nazir mətbuata müsahibələrində dəfələrlə iddia edib ki, etirazçıları öldürmək əmri verməyib və məsuliyyəti özünün istefasından sonra müvəqqəti hökumətin rəhbəri olmuş Məhəmməd Yunusun üzərinə qoyub.

Xatırladaq ki, 2024-cü ilin iyul ayında Banqladeşdə işsizlikdən və iqtisadi perspektivlərin yoxluğundan narazı olan tələbələrin fəal iştirak etdiyi genişmiqyaslı hökumət əleyhinə etirazlar yaşanıb.

İğtişaşlar zamanı polislə toqquşmalarda 1400-ə yaxın insan həlak olub. Həmin il avqustun 5-də Şeyx Hasina ölkəni tərk edərək, Hindistana gedib. Banqladeşdə ümumi parlament seçkiləri 2026-cı ilin fevralına təyin edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Banqladeş   Hasina   hökm  



Xəbər lenti