34 il günahsız həbs yatdı: 20 milyon təzminat alacaq

      34 il günahsız    həbs yatdı: 20 milyon təzminat alacaq
  18 Noyabr 2025    Oxunub:847
ABŞ-də saxta ittihamla 30 ildən artıq həbsdə saxlanılmış Kaliforniya ştatı sakini 56 yaşlı Daniel Saldana 19,1 milyon dollar təzminat alacaq.
"The Los Angeles Times" qəzetinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, ştatın Boldvin-Park şəhərinin bələdiyyə idarəsi Danielin günahsızlığı sübuta yetirildiyi üçün ona təzminat verməyə razılaşıb. Tərəflər arasında müvafiq sənəd də artıq imzalanıb.

Məlumata görə, 1989-cu ildə adıçəkilən şəhərdəki məktəblərdən birinin yaxınlığında iki şagird odlu silahdan açılan atəşlə yaralanıb. Hadisədə şübhəli bilinən Daniel Saldanaya həmin vaxt məhkəmə tərəfindən həbs hökmü çıxarılıb. 1990-cı ildən 2023-cü ilədək həbs həyatı yaşamış şəxs bu müddət ərzində öz günahsızlığını sübuta yetirməyə çalışıb.

Beləliklə, 2017-ci ildə məhkəmə onun işinə yenidən baxmağa başlayıb. Nəhayət, 2023-cü ildə hakimlər belə qərara gəliblər ki, 34 il qabaq Daniel Saldananın işini aparmış müstəntiq Maykl Donovan "səhvə yol verib".

Həbsdən buraxılan Daniel 2024-cü ildə şəhər rəhbərliyinə, habelə həmin müstəntiqə qarşı məhkəmədə iddia qaldırıb. Zərərçəkmişin vəkillərinin irəli sürdükləri ittihamlara görə, keçmişdəki qətl hadisəsinin istintaqı əsnasında şahid ifadələri, dəlillər və digər materiallar saxtalaşdırılıb. Hazırda "öz vəzifəsini düzgün yerinə yetirməyən" müstəntiq Maykl Donovana qarşı hansı tədbir görüləcəyi məlum deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   saxta-ittiham   təzminat  



Xəbər lenti