Yermakın başının üstünü “qara bulud”lar alır

   Yermakın başının üstünü “qara bulud”lar alır
  19 Noyabr 2025    Oxunub:954
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə noyabrın 19-da Türkiyədə keçirilməsi nəzərdə tutulan danışıqlar ləğv edilib.
AzVision.az xəbər verir ki, “The Ekonomist” nəşrinin jurnalisti Oliver Kerrol bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Mənə dedilər ki, Uitkoff yəqin görüşə razılıq verməklə düşdüyü qalmaqalın miqyasını dərk etməyib”, - jurnalist yazıb.

Eyni zamanda, Ukraynanın “Babel” nəşrindən iki mənbə Andrey Yermakın Ukraynanın Böyük Britaniyadakı səfiri, ölkənin Silahlı qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə görüşmək üçün Londona uçduğunu bildirib.

- Prezident ofisinin rəhbəri Türkiyədə danışıqlardan sonra Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə noyabrın 20-də ölkəyə qayıtmalı idi. Lakin Yermak Türkiyədəki danışıqlarda olmayacaq, onun noyabrın 21-də Romada görüşü nəzərdə tutulub”, - mənbələrə istinad edən “Səs” müxalifət partiyasından olan deputat Yaroslav Jeleznyak deyib.

Zelenskiyə Yermakdan qurtulmağı tövsiyə edirlər
Bu arada “Xalqın qulluqçusu” hakim partiyasının deputatı Fyodor Venislavski “Azadlıq Radiosu”nun efirində Andrey Yermakın istefa verməli olduğunu söyləyib.

Onun sözlərinə görə, hakim partiyanın üzvləri arasında “cənab Yermak getməlidir” söhbətləri gedir. Lakin Venislavski qeyd edib ki, yekun qərar Ukrayna prezidenti Volodimir Zelenskinin ixtiyarındadır.

“Mən prezidentdən Andrey Yermakın istefasını tələb etməmişəm, lakin inanıram ki, bu halda cənab Yermakın istefası, şübhəsiz ki, hökumət ətrafında yaranan hay-küyü səngitmiş olardı. Çünki heç kimə sirr deyil ki, hökumət ilk növbədə prezident ofisində müəyyən namizədlər təsdiq edildikdən sonra formalaşıb. Ancaq prezident ofisinin rəhbərinin təyin edilməsi prezidentin qərarıdır. Onun nə qərar verəcəyini gözləyəcəyik”, - Venislavski vurğulayıb.

Deputat bildirib ki, prezident ofisinin rəhbərinin istefası ilə bağlı söhbətlərin yaranmasına səbəb energetika sahəsində korrupsiya qalmaqalını ifşa edən səs yazılarında “Əli Baba” təxəllüsü ilə Andrey Yermakın da iştirakının aşkarlanması olub.

Xatırladaq ki, bundan əvvəl “Ukrainskaya pravda” nəşri Zelenskinin yaxın ətrafının ona Andrey Yermakı vəzifəsindən uzaqlaşdırmağı məsləhət gördüyünü yazmışdı.

Noyabrın 18-də isə, Ukrayna hökumətinin bütövlükdə istefaya getməsini tələb edən deputatlar Ali Radanın plenar iclasının keçirilməsinə imkan verməyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yermak   istefa  



Xəbər lenti