Pentaqon Kiyevi milyonlarla vəsaitdən məhrum edib

Pentaqon Kiyevi milyonlarla vəsaitdən məhrum edib
  21 Noyabr 2025    Oxunub:1052
Birləşmiş Ştatlar qallium və skandium kimi vacib mineralların tədarükü üçün Ukraynaya əvvəllər ayrılmış təxminən 30 milyon dollar yardımı başqa layihəyə yönləndirib.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

“ABŞ-nin Müdafiə nazirliyi bu gün Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində “ElementUS Minerals”, “LLC (ElementUSA)” şirkətinə 29,9 milyon dollar qrant ayrıldığını elan edib. Müqavilənin bir hissəsi kimi şirkət Texasdakı obyektində layihələndirmə işləri aparacaq. İnvestisiyalar Ukrayna üçün 2022-ci il Əlavə Maliyyələşdirmə Qanunu çərçivəsində ayrılmış vəsaitlərdən istifadə edir”, - məlumatda bildirilir.

Pentaqonun yüksək vəzifəli məmuru Ceffri Frankstonun sözlərinə görə, qrant layihəsi şirkətə tullantı axınlarından qallium və skandium çıxarmağa imkan verəcək və Pentaqonun kritik mineralların tədarükünü genişləndirmək səylərini dəstəkləyəcək.

Pentaqon rəhbərinin Sənaye bazası siyasəti üzrə köməkçisi Mayk Kadenatssi, öz növbəsində, bu layihələr çərçivəsində tədarük ediləcək qallium və skandiumun geniş çeşiddə müdafiə sənayesi və avadanlıqları üçün vacib minerallar olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pentaqon   Ukrayna   vəsait  



Xəbər lenti