Çin Yaponiya ilə savaşa hazırdır

 Çin Yaponiya ilə savaşa hazırdır
  22 Noyabr 2025    Oxunub:1046
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda Yaponiyanın Tayvan boğazına silahlı müdaxiləyə cəhd göstərəcəyi təqdirdə Pekinin özünümüdafiə hüququndan istifadə edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Çinin “Xinhua” agentliyi belə məlumat yayıb.

“Yaponiya Tayvan boğazına silahlı müdaxilə etməyə cəsarət göstərsə, bu, təcavüz aktı olacaq. Çin BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanaraq, və öz suverenliyini qətiyyətlə müdafiə edəcək”, - məktubda deyilir.

Müraciətdə vurğulanır ki, Yaponiyanın baş naziri Sanae Takaitinin son bəyanatları “Yaponiyanın 1945-ci ildə məğlub olmasından sonra ilk dəfə” səsləndirilən açıqlamalardır. Həmin bəyanatlarda xanım Takaiti rəsmi olaraq “Tayvanda fövqəladə vəziyyət”i Yaponiyanın təhlükəsizliyi və kollektiv özünümüdafiə hüququ ilə əlaqələndirib.

- Bununla həm də ilk dəfədir ki, Tokio hərbi müdaxilə üçün ambisiyalarını açıqlayır və əslində Çinə qarşı güc tətbiq etməklə hədələyir. Takaitinin bəyanatları son dərəcə təhlükəli, beynəlxalq hüququn kobud şəkildə pozulması və Yaponiya təcavüzündən əziyyət çəkmiş 1,4 milyard Çin və Asiya xalqına qarşı açıq təxribatdır”, - Çinin BMT-dək daimi nümayəndəsi bildirib.

Fu Tsunun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılacaq.

Yaponiya ilə Çin arasında gərginlik Sanae Takaiti parlamentdə müzakirələr zamanı Tayvan yaxınlığında baş verə biləcək hərbi böhranın Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan istifadəyə olunmasına məcbur edə biləcək ekzistensial təhlükə yaradacağını” deməsindən sonra pisləşməyə başlayıb. Bu bəyanat Tokioya ciddi təqdimat ünvanlayan Pekində güclü narazılığa səbəb olub.

Çinin Osaka şəhərindəki baş konsulu Süe Tszyan “X” sosial şəbəkəsində Yaponiyanın baş nazirini “başını kəsməklə” hədələsə də, sonradan bu yazı silinib. Daha sonra Çinin Xarici İşlər nazirliyi ölkə vətəndaşlarına Yaponiyaya getməmək barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Çin   Yaponiya   xəbərdarlıq  



Xəbər lenti