Novak: “Dünya neftsiz qala bilər”
“Hazırda ənənəvi əlçatan yataqlar tükənmək üzrədir və çətin bərpa olunan ehtiyatlar daha çox investisiya tələb edir. Odur ki, neft sənayesinə investisiyalar tezliklə bərpa olunmasa, istehlak təklifi üstələyəcək və bu, bazarda tarazlığın pozulmasına gətirib çıxaracaq”, - Novak VII Rusiya-Çin enerji biznes-forumunda çıxışı zamanı deyib.
Rusiyalı məmur, eyni zamanda, bərpa olunan enerji mənbələrinin inkişafının bir neçə il əvvəl gözlənildiyi sürətlə getmədiyini vurğulayıb. Novakın sözlərinə görə, bu baxımdan, kömür qlobal enerji balansında hələ də mühüm rolu qoruyub saxlayır.
- Kömür dövrünün yaxın vaxtlarda bitəcəyi ilə bağlı keçmiş proqnozlara baxmayaraq, bu resurs qlobal enerji balansında əhəmiyyətli rol oynamağa davam edir və yaxın illərdə öz mövqeyini itirmək niyyətində deyil”, - Rusiya baş nazirinin müavini deyib.
Aleksandr Novak bildirib ki, aparıcı beynəlxalq enerji agentlikləri də neft sahəsinə kifayət qədər sərmayə qoyulmamasının mümkün nəticələrinə diqqət çəkirlər.
OPEC-in baş katibi Haysam əl-Qeys daha əvvəl enerji sahəsinə qlobal investisiyaların artırılmasının vacibliyini vurğulayaraq, 2050-ci ilə qədər dünyada neftə tələbin gündəlik 123 milyon barrelə yüksələcəyini proqnozlaşdırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


