CBS News: “Əbu-Dabidə gizli görüş keçirilib”

      CBS News:    “Əbu-Dabidə gizli görüş keçirilib”
  25 Noyabr 2025    Oxunub:976
ABŞ-nin Ordu naziri Deniel Driskoll Vaşinqtonun “sülh planı”nı müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya nümayəndələri ilə görüşüb.
AzVision.az xəbər verir ki, iki amerikalı məmura və iki diplomatik mənbəyə istinad edən “CBS News” telekanalı belə məlumat yayıb.

Onlardan birinin sözlərinə görə, Deniel Driskoll noyabrın 24-də axşam Rusiyanın nümayəndə heyəti ilə görüşüb, noyabrın 25-də danışıqların daha bir raundunun keçirilməsi nəzərdə tutulur.

“Sülh prosesini müzakirə etmək və sülh danışıqlarını sürətlə irəlilətmək üçün Driskollun noyabrın 25-də Rusiya nümayəndələri ilə daha bir görüşü planlaşdırılıb”, - amerikalı məmur deyib.

Ağ Ev: “Rusiya razılıq verməlidir”
Rusiya nümayəndə heyətinin tərkibi məlum deyil. Amerika nümayəndə heyətinin digər üzvləri barədə də məlumat dəqiqləşdirilməyib.

Qeyd edək ki, “CBS” telekanalının məlumatını “Böyük Britaniyanın Financial Times (FT)” nəşrinin mənbələri də təsdiqləyir. Onların sözlərinə görə, Driskollun Abu-Dabidə Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanovla da görüşü nəzərdə tutulub. Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında Əbu-Dabidə görüşün oldub-olmadığı məlum deyil.

Yeri gəlmişkən, “FT” nəşri Cenevrə danışıqlarından sonra Trampın “sülh planı”ndakı bəndlərin 28-dən 19-a endirildiyini yazıb.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt Vaşinqtonun “sülh planı”nın Rusiya ilə razılaşdırılması zərurətini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Driskoll   Rusiya   Əbu-Dabi  



Xəbər lenti