İsrail sual qarşısında: ABŞ-nin HƏMAS-a gizli vədləri varmı?

      İsrail sual qarşısında:    ABŞ-nin HƏMAS-a gizli vədləri varmı?
  25 Noyabr 2025    Oxunub:1152
"İsrailin xüsusi xidmət təşkilatları belə qənaətə gəlirlər ki, Fələstinin iranyönümlü HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi sazişinə məhz vasitəçilərin (Türkiyə, Qətər, Misir, ABŞ) gizli vədləri hesabına qol qoyub".
İsrailin "Ynet" xəbər saytı öz mənbələrinə istinadən yazır ki, belə gizli vədlər arasında İsrail Ordusunun tələblərinə zidd düşən zəmanətlər də var. Məsələn, vasitəçilər icazə veriblər ki, əsirlər azadlığa buraxılanda HƏMAS yaraqlıları Qəzza zolağında "mülki şəxs qismində" 72 saat qala bilsinlər: "Deməli, qruplaşma, bu və ya digər təzyiqlərə baxmayaraq, öz nüfuzunu qorumaq, hətta daha da artırmaq imkanına malikdir".

Qəzetin məlumatına görə, İsrail hökuməti artıq əminliyə varıb ki, iranyönümlü qruplaşma silahını "güc tətbiqinin sayəsində" yerə qoymaylb. Bu məqamda da yaraqlıları razı salan məhz həmin gizli vədlərdir:

"Danışıqlara əsasən, HƏMAS özünün yalnız raketlər və pilotsuz uçuş aparatlarını (PUA) beynəlxalq qüvvələrə təhvil verəcək. Bu o deməkdir ki, təşkilat kiçik çaplı silahları, partlayıcı sursatları öz əlində saxlaya biləcək".

Belə bir vəziyyətdə İsrailin hərb mütəxəssisləri həyəcan təbili çalırlar. Onların fikrincə, HƏMAS-a qarşı bu "mülayim yanaşma" onun dirçəlməsinə gətirib çıxaracaq: "Qruplaşma gücünü tamamilə itirmədiyi üçün silah-sursat istehsalına, infrastruktur quruculuğuna yenidən başlaya, İsrailə qarşı əlaltı müharibəsindən əl çəkməyə bilər".

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıb. Noyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Donald Trampın Qəzzadakı vəziyyətin həlli istiqamətində hərtərəfli planına dair qətnaməni təsdiqləyib. Qətnaməyə əsasən, zolaqda ABŞ tərəfindən müvəqqəti idarə orqanı – Sülh Şurası yaradılacaq, ikiillik mandata malik beynəlxalq sabitləşdirmə qüvvələri formalaşdırılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza   münaqişə   atəşkəs   səbəb  



Xəbər lenti