Forbes: "Azərbaycan hava hücumundan müdafiəsini gücləndirir"

      Forbes:    "Azərbaycan hava hücumundan müdafiəsini gücləndirir"
  26 Noyabr 2025    Oxunub:1869
"Rusiya və İsrail istehsalı hava hücumundan müdafiə sistemlərinə (HHMS) malik Azərbaycanın Çindən "HQ-9BE" HHMS alması o deməkdir ki, Bakı özünün müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməkdədir".
Bu ifadələr ABŞ-nin "Forbes" jurnalında yayımlanan məqalədəndir. Müəlliflərin fikrincə, bu nümunə timsalında Çin Rusiyanı strateji HHMS təchizatı bazarından sıxışdırıb çıxarmaq istəyir.

Məqalədə vurğulanır ki, Azərbaycan son illərədək əsasən Rusiyadan silah-sursat alırdı: "Hazırda isə daha çox Türkiyə və İsrailin avadanlıqları hesabına öz müdafiə imkanlarını gücləndirir. Belə bir strategiya, görünür, Moskvadan asılılığı azaltmaq məqsədi daşıyır".

(Çin istehsalı "HQ-9BE" hava hücumundan müdafiə sistemi)

"Forbes" diqqətə çatdırır ki, Azərbaycan Cənubi Qafqazda Çindən müasir HHMS alan ilk ölkədir: "Mövcud şəraitdə bu, bütövlükdə Cənubi Qafqaz regionunun hava məkanında güc balansını Rusiyanın əleyhinə dəyişəcək".

Məlumata görə, sözügedən Çin mənşəli "HQ-9BE" sistemləri havada hər növ hədəfi, o cümlədən qanadlı və ballistik raketləri sıradan çıxarmaq qabiliyyətinə malikdir:

"Bakının regionda ən qabaqcıl müdafiə sistemini yaratmaq kursu fonunda yeni HHMS Azərbaycan Ordusunu daha da müasirləşdirəcək".

Məlumat üçün bildirək ki, 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində tanıdılan Çin istehsalı "HB-9BE" orta–uzun məsafəli HHMS-dir. Sistem hava hədəflərini aşkarlamaq, izləmək və zərərsizləşdirmək üçün nəzərdə tutulan müasir radar və idarə vasitələrinə malikdir. Mobil platforma üzərində yerləşdirilən sistem çoxsaylı hədəfləri eyni vaxtda izləyə bilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Çin   HHMS   Forbes  



Xəbər lenti