ISW: “Qərbin dəstəyi olmasa Ukrayna cəbhəsi çökə bilər”

      ISW:    “Qərbin dəstəyi olmasa Ukrayna cəbhəsi çökə bilər”
  27 Noyabr 2025    Oxunub:1069
Qərb tərəfdaşlarından vaxtında hərbi yardım alması və sanksiya təzyiqinin davam etdirilməsi şərti ilə Ukrayna rus qoşunlarının irəliləməsini cilovlaya və cəbhə xəttini sabitləşdirə bilər.
AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Öyrənilməsi İnstitutunun (ISW)” ekspertləri belə qənaətə gəliblər.

“Ukrayna qüvvələri Rusiyanın irəliləyişlərinin qarşısını almaqda və uğurlu əks-hücum əməliyyatları keçirməkdə effektivliyini sübut etdi. Bu, xüsusən də yaxşı heyət və yaxşı təchizat sayəsində mümkün olub”, - ekspertlərin hesabatında deyilir.

ISW-nin məlumatına görə, Ukrayna 2022-ci ilin aprelində rus bölmələrini Kiyev vilayətini və ölkənin digər şimal ərazilərini tərk etməyə, həmin ilin sentyabr-oktyabr aylarında əks-hücum zamanı Xarkov vilayətinin əhəmiyyətli hissəsini geri almağa və Rusiyanı 2022-ci ilin noyabrında sağ sahil Xerson vilayətindən çıxmağa məcbur edə bildi.

İnstitutun analitiklər qeyd edirlər ki, Ukrayna qüvvələri “qazandıqları ilə müqayisədə Rusiyanı qeyri-mütənasib şəkildə böyük itkilərə məruz qoyub”, üzücü hücum əməliyyatlarında düşməni vaxt, canlı qüvvə və texnika istifadəsinə məcbur edib.

Hesabatda həmçinin vurğulanır ki, Ukrayna qüvvələri 2024-cü ilin yazında və 2025-ci ilin yanvarında Rusiyanın şimalındakı Xarkov və Sumi vilayətlərinə hücumlarının qarşısını alıb.

ISW ekspertlərinin fikrincə, Ukrayna Rusiyanı əməliyyat manevrləri aparmaq imkanını neytrallaşdıraraq, onu mövqe müharibəsinə əl atmağa məcbur edib.

- Qərbin Ukraynaya vaxtında və kifayət qədər hərbi yardımı və silah satışı, ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı qətiyyətli iqtisadi tədbirləri Ukraynaya Rusiyanın döyüş meydanında irəliləyişini dayandırmağa imkan verə bilər. Bu, xüsusən də Ukrayna qüvvələrinin Donetsk bölgəsində yaxşı möhkəmləndirilmiş istehkamlarından istifadə edəcəyi tərzdə mümkündür”, - yuxarıda sadalanan əvvəlki hərbi hadisələrin özünəməxsus qaydada təhlilini aparan ISW-nin analitikləri vurğulayır.

Əslində öz fəliyyətində dərin təhlildən daha çox məlum faktların sadalanmasına üstünlük verən və əksər hallarda öz təsdiqini tapmayan ehtimallar dərc edən ISW-nin bu hesabatı Qərbi, xüsusən də ABŞ-ni Ukraynaya hərbi dəstək verməyə növbəti çağırışdır.

Halbuki, hətta Qərbin uzun müddət Kiyevə göstərdiyi hərbi yardım belə Rusiyanın Ukraynada irəliləyişinin qarşısın ala bilmədi. Ukraynada yaşanan son korrupsiya qalmaqalı və habelə Vaşinqtonun ortaya atdığı “sülh planı” Kiyevə "lazımi qədər dəstək verməyə" hazır olduqlarını dəfələrlə bəyan edənlərin anların sıralarında belə ciddi çaşqınlıq yaradıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Ukrayna   Qərb  



Xəbər lenti