Qarabağ və Şərqi Zəngəzurda iş yerlərinin sayı artıb

 Qarabağ və Şərqi Zəngəzurda iş yerlərinin sayı artıb
  01 Dekabr 2025    Oxunub:3969
Bu ilin ilk 9 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 560 yeni iş yeri açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 723 vahid və ya 39,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Qarabağda 1 855 (58,4% çox), Şərqi Zəngəzurda isə 705 (5,9% çox) yeni iş yerləri yaradılıb. Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (516), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçın rayonunun (312) payına düşüb.

Ümumilikdə, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 47,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 72,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti