Rusiya daha bir şəhəri ələ keçirdi

   Rusiya daha bir şəhəri ələ keçirdi
  02 Dekabr 2025    Oxunub:1268
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində son aylar qanlı döyüşlərin getdiyi strateji əhəmiyyətli Pokrovsk şəhərini ələ keçirib.
AzVision.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə məlumat verib. Onun sözlərinə görə, dekabrın 1-də axşam saatlarında Birgə Qruplaşmanın komanda məntəqələrindən birinə baş çəkən Rusiya prezidenti Vladimir Putin Xarkov vilayətinin Pokrovsk və Volçansk şəhərlərinin rus qoşunları tərəfindən tutulması barədə məlumat alıb.

Donetsk vilayətində Pokrovsk uğrunda döyüşlər 2024-cü ildə Rusiya qüvvələri şəhərə davamlı hücuma başlayandan bəri güclənmişdi. Əsas logistika mərkəzi sayılan Pokrovskdan Ukrayna qoşunları üçün dəmir yolu və avtomobil təchizatı marşrutları keçir.

“Rusiya ordusu artilleriya, pilotsuz təyyarələr və hücum qüvvələrindən istifadə edərək tədricən təzyiqi artırdı. Kiçik bölmələrin şəhərə soxulmaq cəhdləri, havadan müşahidənin təsirinin azaldığı vaxt məhdud görünmə şəraitində xüsusilə intensiv olub”, - Ukrayna tərəfinin məlumatlarında bildirilirdi.

Ukrayna qoşunları müdafiə və əks-hücumlarla Rusiya qüvvələrini dayandırmağa çalışıblar. Cəbhənin bəzi istiqamətlərində vəziyyətin stabilləşdiyini bildirən Kiyev rus hərbçilərinin əsir götürüldüyünü və Moskvanın iddialarına baxmayaraq, şəhərin tam mühasirəyə alınmadığını açıqlamışdı.

Son vaxtlar hər iki tərəf mütəmadi olaraq şəhər sərhədlərinə nəzarətlə bağlı ziddiyyətli hesabatlar verirdi. Rusiya rəsmiləri öz bölmələrinin irəlilədiyini və ukraynalıları qismən mühasirəyə aldığını iddia edir, Ukrayna mənbələri isə tədarükün və qoşunların rotasiyasının hələ də mümkün olduğunu bildirirdilər.

Döyüşlər zamanı Pokrovsk əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb: mülki infrastruktur, nəqliyyat əlaqələri və yaşayış məntəqələri zədələnib. Ukrayna hakimiyyəti logistika axınının istiqamətini dəyişməyə başlayıb, lakin bu mərkəzin itirilməsi Donetsk bölgəsində müdafiənin sabitliyi üçün kritik risk olaraq qalır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Pokrovsk  



Xəbər lenti