Kiyev Rusiyanın energetika sektorunu hədəfə alıb

Kiyev Rusiyanın energetika sektorunu hədəfə alıb
  02 Dekabr 2025    Oxunub:1099
Dekabrın 2-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Oryol vilayətinə hücum edib.
AzVision.az xəbər verir ki, Oryol vilayətin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, hücum Livnı rayonunda yanacaq-energetika obyektlərində yanğınla nəticələnib. Qubernator xəsarət alan olmadığını, Fövqəladə Hallar nazirliyi əməkdaşlarının hadisə yerində işlədiyini bildirib.

Əhalinin sayına görə vilayətin 2-ci şəhəri olan Livnıda şəhərin əsas elektrik və istilik tədarükçüsü “Livnı İstilik və Elektrik Stansiyası (İES)” yerləşir. PUA-ların İES-i vurub-vurmadığı bilinmir. “Astra” portalının məlumatına görə, Livnıda həm də “Oryolnefteprodukt” neft bazası yerləşir.

Xatırladaq ki, oktyabrın sonunda qubernator Andrey Klıçkov vurulan PUA-ların qalıqlarının Oryol şəhərindəki İES-in ərazisinə düşdüyünü və elektrik təchizatı avadanlığına ziyan vurduğunu bildirmişdi. Ukrayna Silahlı qüvvələri Oryoldakı İES-i “Neptun” qanadlı raketləri ilə vurduğunu bildirib. Ukrayna hərbçilərinin sözlərinə görə, bu İES hərbi obyektləri enerji ilə təmin edirdi.

Ukrayna PUA-larının hücumu fonunda “Rosavia”, eyni zamanda, gecə ərzində Vladiqafqaz, Qroznı, Nalçik, Maqas, Mahaçqala, Krasnodar və Tambov hava limanlarının bağlandığını açıqlayıb.

Rusiya Müdafiə nazirliyi, öz növbəsində, bu gecə ölkənin regionları və Krım üzərində 45 Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini bildirib. Pilotsuz təyyarələrin əksəriyyəti - 14-ü Bryansk vilayətində vurulub. Nazirliyin məlumatına görə, Oryol vilayəti üzərində bir pilotsuz uçuş aparatı məhv edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zərbələr  



Xəbər lenti