ABŞ NATO-dan çıxmağa hazırlaşır?
“NATO Soyuq Müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulları sosialist dövlətlərinin yox, öz ölkəmizin müdafiəsi üçün istifadə etməliyik. NATO 30 ildən çox əvvəl dağılmış Sovet İttifaqına qarşı çıxmaq üçün yaradılmışdı. Həmin vaxtdan bəri ABŞ-nin iştirakı vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-nin xarici müharibələrdə iştirak riskini daşımaqda davam edir”, - konqresmen vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Konstitusiyası xarici işlərə daimi müdaxiləyə icazə vermir və Vaşinqton bütün dünyanın təhlükəsizliyini təmin etməməlidir, xüsusən də zəngin ölkələr öz müdafiə xərclərini ödəməkdən boyun qaçırdığı təqdirdə.
Təşəbbüsdə bildirilir ki, NATO-ya üzvlük ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun deyil. Sənəd ABŞ prezidentindən Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə uyğun olaraq qanunun qüvvəyə minməsindən sonra 30 gündən gec olmayaraq ölkənin NATO-dan çıxması barədə məlumat verməsini tələb edir.
Xatırladaq ki, Amerika lideri Donald Tramp dəfələrlə müttəfiqlərini müdafiə xərclərinin yetərli olmamasına görə tənqid edərək, ölkəsinin NATO-dan çıxacağı ilə hədələyib. Bu yay alyans ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə öhdəlik götürüblər.
Trampın sələfi Co Baydenin dövründə Konqres istənilən ABŞ prezidentinin NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Maraqlıdır ki, həmin təşəbbüsün müəlliflərindən biri ovaxtkı senator və hazırkı Dövlət katibi Marko Rubio olub.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ Avropa ölkələrindən 2027-ci ilə qədər NATO-nun müdafiə xərclərinin, o cümlədən raket istehsalı və kəşfiyyat məlumatlarının toplanması üzrə öhdəliklərinin əksəriyyətini öz üzərinə götürməyi tələb edib. Əgər müəyyən edilmiş müddətdə baş verməsə, Vaşinqton ABŞ-nin NATO-nun bəzi müdafiə mexanizmlərində iştirakını azaltmaqla hədələyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


