Euractiv: “7 ölkə Rusiya aktivlərinin müsadirəsi əleyhinədir”

   Euractiv:    “7 ölkə Rusiya aktivlərinin müsadirəsi əleyhinədir”
  15 Dekabr 2025    Oxunub:1372

Ukraynaya “təzminat krediti” vermək üçün Avropa Komissiyasının (AK) Rusiya aktivlərinin emüsadirəsi təşəbbüsünə qarşı çıxan Avropa İttifaqı (Aİ) ölkələrinin sayı 7-yə yüksəlib.
AzVision.az xəbər verir ki, Belçikanın “Euractiv” portalının məlumatına görə, müvafiq qərarın qəbul edilməsi cəhdləri Aİ üzvləri arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

“AK-nin Rusiya aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək planına qarşı çıxan Belçika, Macarıstan və Slovakiyanın sırasına İtaliya, Bolqarıstan, Malta və Çexiya da qoşulub. Sonuncu dörd dövlətin mövqeyini ABŞ prezidenti Donald Trampın administrasiyasını dəstəkləyən hökumətlərinin siyasəti müəyyənləşdirir. Onların fikrincə, Rusiya aktivlərinin müsadirəsi Ukrayna ətrafında vəziyyətin nizamlanması perspektivlərini çətinləşdirə bilər”, - portal yazır.

Kallas Kiyevə çağırış etdi: “Donbası verməyin!”
Xatırladaq ki, dekabrın 18-də Aİ liderlərinin Brüsseldə keçiriləcək sammitində Avropa Şurasının sədri Antonio Koşta plandan imtina və ya onu irəli sürməyə davam etmək dilleması ilə üzləşəcək. Portal qeyd edir ki, istənilən halda bu, Avropa İttifaqı üçün ciddi siyasi nəticələrə gətirib çıxara və daxili ixtilaflara səbəb ola bilər.

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “təzminat krediti”nin təsdiqi prosesinin getdikcə çətinləşdiyini etiraf edib. Siyasətçi qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edilməsinin planlaşdırıldığını, lakin dondurulmuş Rusiya aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçikanın dəstəyini almadan belə bir addımın həyata keçirilməsinin son dərəcə çətin olacağını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   AK   Rusiya   aktivlər  



Xəbər lenti