Keniya radiosunda Azərbaycandan danışılıb

Keniya radiosunda Azərbaycandan danışılıb
  17 Dekabr 2025    Oxunub:982
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin tanınmış “Spice FM” radio kanalının “Kenya's Biggest Conversation” adlı canlı yayımlanan verilişinin qonağı olub. Kanalın yutub hesabında 200 mindən çox izləyicisi var. Verilişə əsasən ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, səfirlər dəvət olunur və ictimai-siyasi mövzular ətrafında müzakirələr aparılır.
Səfirlikdən AzVision.az -a bildirilib ki, aparıcının suallarına cavab olaraq səfir Sultan Hacıyev ötən həftə Keniyada baş tutan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının nəticələri, Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrliyi çərçivəsində görülən işlər barədə danışıb.

Səfir dünyada cərəyan edən mürəkkəb proseslər fonunda BMT-nin Nayrobidəki bölməsinin və üzv ölkələrin, o cümlədən Azərbaycanın qlobal iqlim fəaliyyətinə müsbət və konstruktiv töhfə vermək səylərini qeyd edib. O, Azərbaycanın COP29-a ev sahibliyi, qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın gələn il WUF13-ə və WED2026-ya ev sahibliyi etməsi ilə ölkəmizin dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyətini vurğulayıb.

Səfir Azərbaycan və Keniya arasında mövcud səmimi münasibətlərin dinamik inkişafından, çoxtərəfli platformalarda həmrəyliyindən söhbət açıb. Hər iki ölkənin yerləşdiyi bölgələrdə sülh və inkişaf naminə regional fəaliyyətini diqqətə çatdırıb.

O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir göstərdiyini deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti