Gürcüstanın sabiq baş prokuroru beynəlxalq axtarışa verilib

   Gürcüstanın sabiq baş prokuroru beynəlxalq axtarışa verilib
  29 Dekabr 2025    Oxunub:1348
2025-ci ilin martında paytaxt Tbilisidə iş adamı Levan Canqveladzenin qətlində adı hallanan Gürcüstanın keçmiş baş prokuroru Otar Parçxaladze beynəlxalq axtarışa verilib.
Bu barədə Gürcüstan daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze yerli mətbuata açıqlamasında məlumat verib. Onun sözlərinə görə, hadisənin təhqiqatı nəticəsində aydınlaşıb ki, qətlin təşkilatçısı məhz Otar Parçxaladzedir:

"Baş Prokurorluq onun cinayət məsuliyyətinə cəlbi üçün müvafiq qərar çıxarıb. Eyni zamanda, şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəməyə vəsatət veriləcək".

İş adamı Levan Canqveladze 14 mart 2025-ci ildə Tbilisidə qətlə yetirilib. Onun qatili Gela Udzilauri saxlanılıb. Hərçənd o, cinayətin "sifarişli qətl" ehtimalını yalanlayıb. 2013-cü ilin 7-30 noyabr aralığında qısa müddət Gürcüstanın baş prokuroru vəzifəsini tutan iş adamı Otar Parçxaladze isə 2021-ci ilin 24 fevralında Rusiya vətəndaşlığına keçib. 2025-ci ilin 17 oktyabrında Gürcüstanda hökuməti devirməyə cəhd iddiası üzrə istintaq çərçivəsində onun iqamətgahında da axtarış aparılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Gürcüstan   istintaq   prokuror   axtarış  



Xəbər lenti