Tramp Maduro ilə bağlı əməliyyatın detallarını açıqladı | VİDEO

   Tramp Maduro ilə bağlı əməliyyatın detallarını açıqladı    | VİDEO
  03 Yanvar 2026    Oxunub:850
“Maduroya dedim ki, təslim olmalısan. Sən təslim olmağa məcbursan. Onunla müzakirələr apardım, şəxsən özüm danışdım. Amma o, ‘yox’ dedi”
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı planlaşdırılan əməliyyat barədə “Fox News” telekanalına danışıb.

Tramp bildirib ki, Maduronun təslim olması üçün onunla birbaşa danışıqlar aparılıb. ABŞ prezidenti hətta Venesuela lideri ilə şəxsən özü danışdığını vurğulayıb.

ABŞ prezidenti əməliyyatın dörd gün əvvəl icra edilməsinin planlaşdırıldığını, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını bildirib.

“Biz bunu dörd gün əvvəl etməli idik, amma hava imkan vermədi. Hava şəraiti mütləq uyğun olmalıdır”, – deyə o əlavə edib.

Tramp həmçinin Maduronun gizləndiyi məkanın yüksək səviyyədə qorunduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, Venesuela liderinin qaldığı yer qala tipli təhlükəsizlik sistemi ilə əhatə olunub:

“Qaldığı yer sanki bir qala idi. Çox yüksək səviyyədə qorunurdu. Evin qapıları poladdan idi. Evdə hər tərəfi möhkəm poladla əhatə olunmuş ayrıca təhlükəsizlik sahəsi var idi”.

ABŞ prezidenti bildirib ki, Maduronun həmin təhlükəsizlik zonasına daxil olmaq cəhdi sürətli müdaxilə nəticəsində baş tutmayıb.

“O, ora daxil olmağa çalışdı, lakin son dərəcə sürətli müdaxiləmiz buna imkan vermədi”, - Tramp bildirib.

O qeyd edib ki, əməliyyat zamanı poladı kəsmək üçün xüsusi güclü qaz məşəlləri də hazır vəziyyətdə olub, lakin buna ehtiyac qalmayıb.


AzVision.az





Teqlər: DonaldTramp   ABŞ   Venesuela   NikolasMaduro  



Xəbər lenti