ABŞ-yə gətirilən Maduro: “Yeni iliniz mübarək!”

 ABŞ-yə gətirilən Maduro:  “Yeni iliniz mübarək!”
  04 Yanvar 2026    Oxunub:1257
Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının olduğu təyyarə Nyu-Yorka gecə saatlarında çatıb.
Maduro ABŞ-yə qandallı və başına kapüşon keçirilmiş vəziyyətdə, FTB agentlərinin müşayiəti ilə gətirilib.

Onun ABŞ ərazisinə daxil olduqdan sonra dediyi ilk sözlər belə olub: “Gecəniz xeyir, Yeni iliniz mübarək.”

Maduro və həyat yoldaşının Bruklində yerləşən Metropoliten Detention Center (MDC) — "səs-küylü" cinayət işlərinin fiqurantlarının saxlanıldığı federal həbsxanaya yerləşdiriləcək.

Bu penitensiar müəssisədə daha əvvəl “Sinaloa” kartelinin lideri Xoakin “El Çapo” Qusman, Qisleyn Maksvell, reper P. Diddi və FTX kriptobirjasının qurucusu Sem Benkman-Frid saxlanılıb.Tanınmış məhbusların çoxluğuna görə MDC tez-tez “məşhurlar həbsxanası” adlandırılır. Bununla yanaşı, media bu müəssisədə infrastruktur, sanitariya və təhlükəsizliklə bağlı ciddi problemlərin olduğunu dəfələrlə qeyd edib.

Bu arada Venesuelanın vitse-prezidenti Delcy Rodriges, daha əvvəl Vaşinqtonun tələblərini yerinə yetirməyə hazır olduqlarını bildirməsinə baxmayaraq, indi sərt bəyanatla çıxış edərək Maduronu Venesuelanın yeganə qanuni prezidenti adlandırıb. O, ABŞ-ni təcavüz aktında ittiham edib və Maduronun dərhal azad edilməsini tələb edib.

ABŞ Prezidenti Donald Tramp isə regiondakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib. O bildirib ki, Vaşinqton əvvəlki Venesuela hakimiyyətinin nümayəndələri ABŞ-nin tələblərini yerinə yetirdiyi müddətdə ölkəyə qoşun yeritmək niyyətində deyil. Tramp, həmçinin, Kubaya qarşı hərbi əməliyyatları gündəmdə saxlamadıqlarını deyərək, ölkənin ağır iqtisadi vəziyyət səbəbindən “öz-özünə çökəcəyini” iddia edib. Onun sözlərinə görə, Kuba Venesuela ilə sıx əlaqədə olub və ona dəstək verib, lakin mövcud şəraitdə bu siyasət “özünü doğrultmayıb”. Tramp ABŞ əməliyyatı zamanı Maduronun müdafiəsində iştirak etdiyini iddia etdiyi kubalıların həlak olduğunu da bildirib və onların addımlarını səhv adlandırıb.

Baş verənlər fonunda İranın xarici işlər naziri Abbas Araqçi venesuelalı həmkarı Yvan Gil Pinto ilə telefon danışığı aparıb. Tehran ABŞ-nin “hərbi təcavüzünü” və Maduronun saxlanılmasını pisləyərək bunu dövlət terrorizmi və Venesuelanın suverenliyinin pozulması kimi qiymətləndirib. Venesuela XİN rəhbəri isə İrana dəstəyə görə təşəkkür edib və ölkəsinin öz müqəddəratını təyin etmək hüququnu qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti