Bloomberg: “Tayvan Arizonada 5 zavod tikəcək”

      Bloomberg:    “Tayvan  Arizonada 5 zavod tikəcək”
  13 Yanvar 2026    Oxunub:1178
ABŞ prezidenti Donald Trampın administrasiyası Tayvanla irimiqyaslı tarif sazişi üzrə danışıqların son mərhələsindədir.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verri ki, müzakirələrlə tanış olan mənbələrin məlumatına görə, Vaşinqton ABŞ-də yarımkeçirici istehsalının əhəmiyyətli dərəcədə genişləndirilməsi müqabilində Tayvan mallarına idxal rüsumlarını 20%-dən 15%-ə endirməyi planlaşdırır.

Müqavilənin əsas şərti “Taiwan Semiconductor Manufacturing Co. (TSMC)” şirkətinin ABŞ-nin Arizona ştatında beş yeni çip fabriki tikmək öhdəliyidir. Bu, Tayvan nəhənginin ABŞ-dəki istehsal sahəsində iştirakını ikiqat artıracaq.

Yeni planlar “TSMC”-nin çiplərin istehsalı üzrə altı və onların qablaşdırılması üçün iki zavodun işə salınmasını nəzərdə tutan 165 milyard dollarlıq mövcud investisiya proqramını tamamlayır. Yanvarın sonunda yeni sazişlərin rəsmən elan edilməsi gözlənilir.

“Taybey üçün bu saziş Yaponiya və Cənubi Koreya ilə bərabər tarif dərəcələri demək olacaq. ABŞ prezidenti Donald Tramp üçün isə bu, onun xarici sərmayələrin cəlb edilməsi və ölkənin texnoloji suverenliyinin, xüsusən də süni intellekt sahəsində möhkəmləndirilməsi siyasətində növbəti qələbə olacaq”, - agentlik yazır.

Lakin razılaşmanın davamlılığı Trampın qlobal tariflərinin qanuniliyi ilə bağlı ABŞ Ali Məhkəməsinin yanvarın 14-də gözlənilən qərarından asılıdır. Belə ki, tarif rejiminin ləğvi Ağ Evi danışıqlarda əsas təsir rıçaqlarından məhrum edə bilər.

Bundan əlavə, Arizonada “TSMC”-nin istehsal gücünün belə miqyasda genişləndirilməsi vədəsi ilə bağlı suallar qalır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tayvan   Arizona   zavod  



Xəbər lenti