Politico: “Aİ Rusiya ilə öz əlaqə kanalını hazırlayır”

      Politico:    “Aİ Rusiya ilə öz əlaqə kanalını hazırlayır”
  14 Yanvar 2026    Oxunub:1021
Avropa hökumətləri Avropa İttifaqı (Aİ) rəhbərliyini Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda Moskva ilə danışqılarda onların maraqlarını təmsil edəcək təmaslar üçün öz nümayəndəsini yaratmağa çağırırlar.
AzVision.az xəbər verir ki, diplomatlara və məmurlara istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“ABŞ-nin Rusiya ilə arxada sövdələşməsinin qarşısını almaq üçün hazırlanan təklif Avropa Komissiyası (AK), Fransa və İtaliya da daxil olmaqla bir sıra ölkələrdən dəstək alıb.
Təşəbbüsün tərəfdarları hesab edirlər ki, Aİ-nin danışıqlar masasında olması Ukraynanın gələcəkdə NATO üzvlüyünə mümkünlüklə bağlı əsas mövqeləri qoruyub saxlayacaq”, - üç mənbə qəzetə deyib.

Makron: “Putinlə dialoq bərpa olunmalıdır”
Nəşr xatırladır ki, son həftələrdə Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corca Meloni ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqların “dalana dirənməsinə” baxmayaraq, açıq şəkildə Rusiya prezidenti Vladimir Putinlə diplomatik kanallar açmağa çağırıblar.

- Fransa lideri Aİ-nin amerikalılar və ruslar arasında danışıqlar prosesində “heç olmasa qismən iştirak etməli” olmasında israrlıdır. İtaliyanın baş naziri bu nöqteyi-nəzərdən dəstək verir”, - avropalı məmurlardan biri açıqlayıb.

Brüssel bu təmsilçinin Aİ və ya bütün “könüllülər koalisiyası” adından çıxış edib-etməyəcəyini və onun hazırda fəaliyyət göstərən siyasətçi və ya məmur olduğu barədə müzakirə etməli olacaq.

“Politico”nun mənbələri bu vəzifəyə mümkün namizəd kimi Finlandiya prezidenti Aleksandr Stubbu göstərirlər. Roma isə İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin bu missiya üçün uyğun gəldiyini düşünür.

Lakin Aİ nümayəndələri bildiriblər ki, xüsusi nümayəndə vəzifəsi mövcud olmadığından namizədlərlə bağlı danışmaq hələ tezdir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:     Rusiya   əlaqə  



Xəbər lenti