The Times: “Rusiya sabotajla məşğuldur”

      The Times:    “Rusiya sabotajla məşğuldur”
  14 Yanvar 2026    Oxunub:1149
Avropada ucuz təxribatlar üçün ani mesajlaşma proqramları və kriptovalyuta vasitəsilə “birdəfəlik” agentlər cəlb edən Rusiya avropalılar arasında Ukraynaya dəstəyi sarsıtmağa çalışır.
AzVision.az xəbər verir ki, Londondakı “Royal United Services Institute (RUSI)” analitik mərkəzinin hesabatına istinad edən “The Times” nəşri belə məlumat yayıb.

“Rusiya əksər hallarda bu cür əməllərə ağır maliyyə sıxıntıları keçirən və əslində Moskvanın maraqları üçün çalışdıqlarından xəbərsiz olan ukraynalı qaçqınları cəlb edir. Bu cür hərəkətlərin məqsədi Avropa ölkələrində Kiyevə ictimai dəstəyi sarsıtmaqdır”, - qəzet yazır.

Nəşrin iddiasına görə, əməliyyatlar “yandırma, mülki infrastruktura hücumlar, vandalism, habelə Qərb cəmiyyətlərində “qorxu və çaşqınlıq” yaratmaq və mülki infrastrukturun müdafiə sistemlərində zəiflikləri aşkarlamaq məqsədi daşıyan digər təxribat formalarını” əhatə edib.

Hesabata əsasən, 2023-2024-cü illərdə Avropada belə hadisələrin sayı üç dəfə artıb, “təxribat” isə “Rusiyanın hibrid müharibəsinin əsas alətidir”.

- Aşağı səviyyəli icraçılar adətən “Telegram” messenceri də daxil olmaqla şifrələnmiş mesajlaşma proqramları vasitəsilə cəlb edilir. Onlara kiçik məbləğlər ödənilir ki, bu da çox vaxt kriptovalytuta şəklində olur. Həmin şəxslərə qraffiti kimi sadə işlər üçün bir neçə dollar təklif edilir, daha ağır cinayətlərə görə isə mükafatlar 10 min dollara çata bilər. Bəzi hallarda təxribatçılara ümumiyyətlə pul verilməyib ki, bu da onlardan birdəfəlik istifadə edildiyini göstərir”, - mərkəzin analitikləri vurğulayırlar.

Aanalitiklərin fikrincə, gərginliyin artması və Ukraynaya dəstəyin sarsıdılması kontekstində “fiziki zərərin özü məhdud olsa da, bu, Rusiyanın aşağı səviyyəli təxribat məntiqinin bir hissəsi” kimi qalır.

Sənəddə həmçinin Avropada kriptovalyutanın nağd pula mübadiləsi ilə bağlı birjadankənar əməliyyatlara daha güclü nəzarətin zəruri olduğu vurğulanır.

Hesabatda, eyni zamanda, son dövrlərin miqrantları, diaspor üzvləri və yeniyetmələri – “cəlb olunmaq üçün rusların hədəfə alınacağı” güman edilən qruplar arasında Rusiyanın taktikası haqqında məlumat kampaniyaları və bu barədə “xəbər verənlər üçün mükafat sistemi”nin tətbiqinə çağırış yer alıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Avropa   sabotaj  



Xəbər lenti